Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir
Bakı, 28 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi zəngin Şərq mədəniyyətinə dərindən bələd olan, antik yunan fəlsəfəsini, ərəb, fars, yəhudi, gürcü və başqa xalqların tarixini, ədəbiyyatını mükəmməl şəkildə öyrənən, yaradıcılığı ilə özündən sonra ədəbi məktəb yaradan dahi şəxsiyyətdir. Onun bəşəri ideyaları, humanist qayə və düşüncələri, maraqlı mövzu dairəsi, bir-birindən fərqli obrazlar qalereyası həm özünə, həm də əsərlərinə əbədi həyat qazandırıb. XII yüzilliyə qədərki Yaxın və Orta Şərq ədəbiyyatının həm şifahi, həm də yazılı qolunu mənimsəyən Nizami “Pənc gənc" ("Beş xəzinə") - "Xəmsə"sində tanış olduğu hər məxəz, qaynaq və mənbənin adını çəkib, klassikləri hörmətlə yad edib.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Lalə Əliyeva deyib.
O vurğulayıb ki, Nizami "Xəmsə" boyu "tapdanmış yollardan" getmədiyini, özünə yeni cığır açdığını, deyilmiş sözləri təkrarlamadan "incə mənalara" toxunduğunu qeyd edir.
“Şairin yaradıcılığı ideya, məzmun baxımından xüsusi poetik təfəkkür, əlvan bədii təb sahibi olan sənətkarın əsrlərin sınağından keçib gələn sənət nümunəsidir. N.Gəncəvinin ədəbi irsi həm öz dövründə, həm də sonrakı yüzilliklərdə təzə, orijinaldır. Onun bədii yaradıcılığı möhkəm bünövrəsi olan Şərq mədəniyyəti üzərində ucalaraq yüksək mənəvi keyfiyyətlər, nəcib, xeyirxah əməllər təbliğ edib, müəllifinin ictimai-fəlsəfi, estetik görüş və elmi biliklərini əyani şəkildə göstərib. Müşahidələr göstərir ki, dahi sənətkarın yaradıcılığında incə lirizm, qəhrəmanlıq motivləri, nəsihətamiz məqamlar, ictimai-siyasi, fəlsəfi düşüncə onu sələflərindən köklü şəkildə fərqləndirir”, - deyə dosent əlavə edib.
Lalə Əliyeva bu fərqin təkcə bədii dəyərdə deyil, ədibin ideal və amalında, fikir yeniliyində, həyatiliyində, ədalət və humanizmin təbliğindən olduğunu deyib: “Təsadüfi deyil ki, sonrakı dövrlərdə Şərq xalqları ədəbiyyatında müştərək mövzulardan istifadə edən sənətkarlar məhz Nizamini ustad kimi yad edirlər. Mövlana Cəlaləddin Rumi Sənai Qəznəviyə rəğbət bəsləməsinə baxmayaraq, Nizamidən böyük ölçüdə iqtibaslar edib. İlk dəfə “Xəmsə" yaratmaq ənənəsini ədəbiyyata gətirən Nizaminin adı Dəhləvi, Cami, Əvhədi, Ə.Təbrizi, Füzuli, Nəvai, Kirmani, Əli Zeynalabdinin yaradıcılığında hörmətlə xatırlanır və bu səbəbkarlar şairin şagirdi olmaları ilə fəxr edirlər.
Nizami xələfləri üçün ustad sənətkar, ədəbi məktəb yaradan dahidir. Bəzən onu Günəşə bənzədirlər, lakin Günəşin doğuşu ilə yanaşı, qürubu da olur. Nizami Gəncəvi cismani qürubu ilə mənəvi əbədilik qazanan təkrarsız elm, ürfan, poeziya günəşidir... Elə bir günəş ki, 900 ilə yaxın bir zaman kəsiminə baxmayaraq, hələ də nuru ilə bəşər övladının yoluna şölə saçır, həqiqət axtarışında işığını əsirgəmir”.
Müxbir – Fidan Əlizadə