Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub
Bakı, 28 sentyabr, AZƏRTAC
Qazaxıstan Milli Bankının nümayəndə heyəti insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, səfərin ilk günü Mərkəzi Bankın sədr müavini Gülər Paşayevanın nümayəndə heyətini salamlaması və görüşün açılışını etməsi ilə başlayıb. Daha sonra Mərkəzi Bankda insan kapitalının idarə edilməsi sahəsində tətbiq olunan yanaşmalar və son illərdə həyata keçirilən transformasiya təşəbbüsləri təqdim edilib.
Səfər çərçivəsində işə qəbul prosesinin rəqəmsallaşdırılması, yeni əməkdaşların iş mühitinə inteqrasiyası, kompetensiya çərçivəsinin tətbiqi, performansın idarə edilməsi, öyrənmə və inkişaf, İR analitikası və əməkdaşların işə bağlılığı istiqamətləri üzrə Mərkəzi Bankın mövcud təcrübəsinə dair sessiyalar keçirilib.
Bununla yanaşı, İR proseslərinin avtomatlaşdırılması, müasir texnologiyaların və süni intellekt həllərinin insan resurslarının idarə edilməsi proseslərinə inteqrasiyası ilə bağlı yanaşmalar ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.