“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya
Bakı, 28 sentyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş “Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” mövzusunda elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin tarixə malik olduğunu bildirib. Akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eləcə də Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamlar imzaladığını xatırladıb. XII əsrdə Azərbaycanda böyük intibah dövrünün yaşandığını deyən institutun direktoru həmin dövrdə bir sıra görkəmli şairlərin, memarların və sənət adamlarının fəaliyyət göstərdiyini qeyd edib. Əcəmi Naxçıvaninin Naxçıvan memarlıq məktəbinin banisi kimi Azərbaycan memarlığı tarixində xüsusi yer tutduğunu vurğulayan akademik onun yaradıcılığının Azərbaycan memarlığına yeni istiqamət verdiyini bildirib.
Əcəmi Naxçıvaninin UNESCO çərçivəsində yubileyinin qeyd olunduğunu diqqətə çatdıran G.Baxşəliyeva memarın Naxçıvan şəhərində inşa etdiyi Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsinin Azərbaycan memarlığının qiymətli nümunələri olduğunu vurğulayıb.
Sonra Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahanə Şahbazova “Azərbaycanda İslam memarlığı nümunələri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın İslam memarlığının mühüm mərkəzlərindən biri olduğunu, ölkə ərazisində memarlığın qədim və zəngin inkişaf tarixinin mövcudluğunu bildirib. O, Elxanilər dövründə mədəniyyət və incəsənət mərkəzinin Xorasan və Mavərənnəhrdən Azərbaycana keçdiyini, Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə isə Azərbaycanın mədəniyyət və incəsənətin inkişaf etdiyi əsas mərkəzlərdən birinə çevrildiyini qeyd edib.
Məruzəçi Azərbaycanda Təbriz, Arran, Naxçıvan-Marağa və Şirvan-Abşeron memarlıq məktəblərinin mövcud olduğunu deyib. Həmçinin Azərbaycan memarlıq üslubunun inkişafında Təbriz məktəbinin xüsusi yer tutduğunu vurğulayan Naxçıvan-Marağa memarlıq məktəbinin nümayəndələri Əcəmi Əbubəkr oğlu Naxçıvani və Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvaninin xidmətlərindən bəhs edib. O, Yusif Küseyir oğlu türbəsi, Möminə xatun türbəsi və Bərdə türbəsinin qədim Azərbaycan İslam memarlığının mühüm nümunələri olduğunu bildirib. Alim Azərbaycanda İslam memarlığının əsas elementlərindən birini məscidlərin təşkil etdiyini qeyd edərək, Bibiheybət məscidi, Gəncədə İmamzadə kompleksi, Pirsaat Baba ziyarətgah-məscid kompleksi və digər abidələr barədə məlumat verib.
Ərəb filologiyası şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əzizə İsmayılova isə “Şərq memarlığının Qərbdə silinməyən izləri” mövzusunda məruzə edib. O, Şərq, xüsusilə İslam memarlığının Avropa memarlığına təsirindən danışıb, bu təsirin Əndəlüs nümunəsində özünü göstərən izlərini diqqətə çatdırıb. Əndəlüsün orta əsrlərdə İslam mədəniyyətinin Avropadakı əsas mərkəzlərindən biri olduğunu qeyd edən məruzəçi Kordova məscidi, Mədinət əz-Zəhra və Əl-Həmra saray-kompleksi kimi mühüm memarlıq abidələri haqqında məlumat verib. Alim həmin abidələrin timsalında Şərq və Qərb memarlıq ənənələrinin qarşılıqlı təsirindən bəhs edib, İslam memarlığına xas həndəsi və bitki naxışları, ərəb kitabələri, tağlar, su elementləri və digər dekorativ xüsusiyyətlər barədə danışıb.
Ə.İsmayılova Əl-Həmra saray-kompleksində ərəb kitabələri və poetik mətnlərin memarlıqla vəhdətinə xüsusi diqqət çəkib. Əndəlüs memarlıq nümunələrinin Şərq və Qərb mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin və mədəni mübadilənin göstəricilərindən biri olduğunu vurğulayıb.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.