“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının əməkdaşları tərəfindən “Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” adlı kollektiv monoqrafiya hazırlanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, monoqrafiya 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub. Monoqrafiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il oktyabrın 22-də I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamdan irəli gələn məsələlər öz əksini tapıb. Bu istiqamətdə müvafiq materiallar analitik təhlilə cəlb olunaraq araşdırılıb.
Kitabda görkəmli alimlərin Birinci Türkoloji Qurultayda səsləndirdikləri elmi müddəalar əsasında nəzəri dilçilik məsələləri və türk areal dilçiliyinin əsas problemləri araşdırılıb. Tədqiqatda qədim və müasir türk dillərinin öyrənilmə vəziyyəti, ortaq türk dili, türk dillərində termin yaratmaq konsepsiyası, müxtəlif türk dillərinin qarşılıqlı əlaqələri və onların inkişaf xüsusiyyətləri nəzərdən keçirilib.
Monoqrafiyada, həmçinin Birinci Türkoloji Qurultayla bağlı 1922-1929-cu illərdə Azərbaycan mətbuatında dərc olunmuş materiallar araşdırılıb. Həmin dövrün qəzet və mətbuat materialları, eləcə də arxiv sənədləri tədqiqata cəlb edilib, onlara müvafiq şərh və izahlar verilib.
Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri professorlar Eldar Piriyev, İkram Qasımov, Minəxanım Təkləli və filologiya elmləri doktoru Qətibə Mahmudovadır.
Kollektiv monoqrafiya türk xalqlarının ortaq elmi-mədəni irsinin öyrənilməsi və Birinci Türkoloji Qurultayın zəngin irsinin müasir elmi yanaşmalar əsasında tədqiqi baxımından əhəmiyyətli elmi nəşrlərdən biridir.