Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar
Bakı, 28 sentyabr, AZƏRTAC
Tədqiqat işi ilə əlaqədar Azərbaycanda səfərdə olan Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin dissertantları İndira Janakova və Ayjan Joldasxan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olublar.
MEK-dən AZƏRTAC-a bildirilib ki, qazaxıstanlı tədqiqatçılar kitabxananın fəaliyyəti, zəngin informasiya resursları, fondları və elmi-tədqiqat imkanları ilə yaxından tanış olublar.
Qonaqlara MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, Sərgi salonu, Xarici dillərdə ədəbiyyat, Nadir kitablar fondları, Qarabağ müharibəsi qəhrəmanları fondu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, MEK Azərbaycan elminin, milli-mədəni irsin və kitabxana-biblioqrafiya resurslarının qorunması, tədqiqatçılara təqdim edilməsi və beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində mühüm fəaliyyət həyata keçirir.
Qazaxıstanlı tədqiqatçıların xüsusi maraq göstərdiyi məkanlardan biri müxtəlif ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər tərəfindən hədiyyə edilən qiymətli nəşrlərin yer aldığı MEK-in Diplomatik fondu olub. Burada Qazaxıstana aid xüsusi ədəbiyyat guşəsindəki nəşrlər qonaqlara nümayiş etdirilib.
Görüş zamanı tədqiqatçıların elmi araşdırmalarının aparılması üçün MEK-in fond və resurslarından yararlanmasının mümkünlüyü diqqətə çatdırılıb.