Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən unikal bir məkan olaraq, çoxəsrlik tarixə və zəngin mədəniyyətlərarası irsə sahibdir. Bu irsin önəmli nümunələrindən biri Qafqaz Albaniyasına məxsus tarixi, dini və mədəni abidələrdir. Qafqaz Albaniyasının minilliklərə söykənən xristian irsi və onun Azərbaycan ərazisindəki abidələri yalnız milli deyil, həm də ümumbəşəri əhəmiyyət daşıyan mədəni sərvətlərdir. Lakin Azərbaycanın xristian irsinin məhz Qafqaz Albaniyasına aidiyyəti və erməni kilsəsinə aid olmaması faktlarının dünya ictimaiyyətinə doğru təqdim olunması istiqamətində ciddi çağırışlar mövcuddur.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın qədim şəhəri Qəbələnin eramızdan əvvəl IV əsrdən eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının bu fikri Azərbaycanın qədim tarixinin, o cümlədən Qafqaz Albaniyasının siyasi və mədəni irsinin beynəlxalq auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fikirlər “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Şəlalə Həsənovanın AZƏRTAC-a təqdim etdiyi “Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu” sərlövhəli məqaləsində yer alıb.
Şanlı Zəfərimizin ilk günlərində, 2020-ci il noyabrın 25-də, xalqa müraciəti zamanı Azərbaycan Prezidenti xüsusi vurğuladı ki, “erməni tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. “Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca məqsədi idi. Amma biz imkan vermədik. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq”, - deyərək ölkə başçısı bu istiqamətdə vəzifələri müəyyənləşdirib.
Məlum olduğu kimi, 30 illik işğal dövründə Ermənistan tərəfindən alban xristian abidələri məqsədli şəkildə saxtalaşdırılıb ki, ermənilərin Qafqazın qədim tarixinə guya aidiyyətlərini isbat edən sübut platforması yaradılsın.
Hazırda da Qərb siyasi dairələri və bəzi beynəlxalq təşkilatlar işğaldan azad olunmuş Azərbaycan ərazilərində xristian irsinə dair yanlış stereotipləri dəstəkləməklə tarixi həqiqətləri təhrif etməyə davam edirlər. Beynəlxalq tribunalar və qətnamələrdə guya Qarabağda və ətraf rayonlarda yalnız erməni kilsələrinin mövcudluğu, onların dağıdılması və s. barədə iddialar tez-tez irəli sürülür. Lakin tarixi mənbələr, arxeoloji tədqiqatlar və müasir elmi araşdırmalar göstərir ki, bu ərazilərdə yerləşən xristian abidələrinin əksəriyyəti məhz Qafqaz Albaniyasına, yəni Azərbaycan xalqının birbaşa tarixi və mədəni irsinə aiddir.
Hazırda bu abidələrin yerləri, tarixi və memarlıq xüsusiyyətləri barədə elmi baza mövcud olsa da, məlumatların müasir, interaktiv və beynəlxalq ictimaiyyət üçün əlçatan formada daha geniş təqdimatı labüddür. Bu məsuliyyəti dərk edərək, qeyri-hökumət təşkilatları da Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran layihələrlə internet fəzasında aparılan informasiya savaşında öz töhfələrini verirlər.
Məsələn, cari ilin may ayında Mədəniyyət Nazirliyinin ayırdığı qrant əsasında “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi “Həqiqi Hekayə: Qarabağda Qafqaz Albaniyasının Xristian İrsi” layihəsi çərçivəsində hazırlanmış, işğaldan azad edilmiş ərazilərdə yerləşən alban kilsələrini əhatə edən virtual platformanı Londonda Kral İncəsənət Cəmiyyətində təqdim edib.
Layihənin özəlliyi ondadır ki, ilk dəfə olaraq, işğaldan azad edilmiş ərazilərin interaktiv xəritəsində 150 alban məbədi vahid platformada təqdim edilib. Kilsələrin böyük əksəriyyəti barədə onların alban irsinə məxsusluğunu təsdiqləyən tarixi faktlar və mənbələr yerləşdirilib. Platforma tolerant və multikultural Azərbaycanın qədim xristian irsini nümayiş etdirməklə yanaşı, Qarabağdakı qədim kilsələrin erməni deyil, məhz Qafqaz Albaniyasına məxsus dini abidələr olduğunu faktlarla ortaya qoyur.
İnteraktiv xəritədə Xocavənd rayonunda 54, Ağdərədə 26, Laçında 21, Xocalıda 17, Kəlbəcərdə 16, Ağdamda 6, Şuşada 4, Qubadlıda 3, Zəngilanda 2, Füzulidə isə 1 alban kilsəsinin dəqiq coğrafi koordinatları göstərilib. Saytda xəritə ilə yanaşı, Azərbaycanın alban xristian irsinə dair kitablar, elmi məqalələr və tarixi materiallar da yerləşdirilib.
Diqqəti çəkən odur ki, təqdimata xüsusi dəvət almayan, elanlardan xəbər tutan ingilislər gəlib və müzakirələrdə iştirak ediblər. Onların sırasında çıxış edən “CF Eurasia” partiyasının təsisçisi Bota Tore Hopkinson saytın və interaktiv xəritənin ictimai-siyasi əhəmiyyətini xüsusi vurğulayıb. O, platformanı Azərbaycanın dini-mədəni irsinin beynəlxalq ictimaiyyətə daha dolğun təqdim olunmasına mühüm töhfə verən layihə kimi yüksək qiymətləndirib. Bu da Azərbaycanın xristian irsinə Qərbdə olan marağının göstəricisidir. Müasir dövrdə, xüsusən də informasiya müharibəsinin, saxta tarixi iddiaların və mədəni irsin mənimsənilməsinin geniş vüsət aldığı bir zamanda, Azərbaycanın öz mədəni və tarixi həqiqətlərini rəqəmsal platformalar üzərindən dünyaya təqdim etməsi həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə yeni saytlar, interaktiv xəritələr, mövzu üzrə vahid elektron kitabxanalarla yanaşı, intellektual oyunlar, animasiya filmləri, albanistikaya aid tətbiqlər də hazırlanmalıdır. Bununla yanaşı, beynəlxalq akademik fəzada Azərbaycan albanistikasının öz yerini tutması vacibdir. Bu məqsədlə Amerika və Avropanın reytinqli universitetlərində müntəzəm olaraq Alban xristian irsinə həsr olunmuş beynəlxalq elmi konfransların keçirilməsi öz səmərəsini verə bilər. Həmçinin Qərb ekspertlərinin, arxeoloqların, memarların və tarixçilərin Azərbaycana dəvət edilərək tədqiqatlara cəlb olunması işğal dövründə Alban kilsələrində törədilmiş saxtakarlığı daha geniş elmi dairədə ifşa etmək işinə töhfə verə bilər.