“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK21) növbəti iclası keçirilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq hazırlanması nəzərdə tutulan standart layihələri müzakirə olunub.
İclas çərçivəsində hazırlanmış 20 yeni standart layihəsinə baxılıb. Layihələr üzrə Texniki Komitə üzvlərinin rəy və təklifləri dinlənilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planında hazırlanması nəzərdə tutulan 60 standartdan 25-i “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin müvafiq qərarları ilə dövlət standartı kimi qəbul edilib və ilin sonuna kimi bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.
İclasda, həmçinin əmək sahəsində qəbul olunmuş standartların iş yerində tətbiq edilməsi, standartlaşdırma işlərinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əməyin mühafizəsinin gücləndirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, eləcə də insan resurslarının idarə edilməsi sahəsində müasir yanaşmaların tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Sonda standartlaşdırma sahəsində fəaliyyətin davamlı təkmilləşdirilməsinin təhlükəsiz əmək şəraitinin təmin olunmasına və işçi hüquqlarının qorunmasına xidmət edən müasir standartların hazırlanmasının əhəmiyyəti vurğulanıb.