BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) “Sahibkarlığa giriş” fənninin tədrisi çərçivəsində xarici ekspertin iştirakı ilə təlim keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU Texnoparkı və “SABAH.academy”nin əməkdaşlığı ilə təşkil olunan təlim tələbələrin sahibkarlıq və innovasiya sahəsində bilik və bacarıqlarının artırılması, müasir biznes yanaşmaları ilə tanış olmaları məqsədi daşıyıb.
Təhsil, liderlik və innovasiya sahələrində beynəlxalq layihələrdə fəaliyyət göstərmiş ekspert Daniel Pearse “Sahibkarlıq, startap mədəniyyəti və süni intellekt” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir sahibkarlıq mühitində innovativ düşüncənin əhəmiyyəti, texnoloji yeniliklərdən səmərəli istifadə, startap mədəniyyətinin əsas xüsusiyyətləri, innovativ ideyaların biznes təşəbbüslərinə çevrilməsi, eləcə də süni intellektin sahibkarlıq fəaliyyətində tətbiqi imkanları barədə məlumat verilib.
Təlim interaktiv formatda keçirilib. Tələbələrlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı nümunələr əsasında müzakirələr təşkil olunub.
Qeyd olunub ki, 2026-cı ilin payız semestri üçün nəzərdə tutulan “Sahibkarlığa giriş” proqramında BMU-nun 120-dən çox tələbəsi iştirak edir. Proqram tələbələrin sahibkarlıq potensialının inkişaf etdirilməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və gələcək biznes təşəbbüslərinin dəstəklənməsinə yönəlib.