Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər
Tbilisi, 28 sentyabr, AZƏRTAC
Tbilisidə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində 44 günlük Vətən müharibəsinə və 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Tbilisidə fəaliyyət göstərən bir sıra universitetlərin tələbələri, “Alyans” Gənclər Mərkəzinin müəllimləri və şagirdləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Alyans” Gənclər Mərkəzinin direktoru Rəna Hüseynova Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasından, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardan və 2020-ci ildə baş verən tarixi hadisələrdən söz açıb. O, Vətən müharibəsinin Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu, xalqımızın həmrəyliyi və ordumuzun qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayıb.
Sonra “Ceyran” Rəqs Qrupunun rəhbəri Ceyran Qurbanova 27 Sentyabr – Anım Gününün xalqımız üçün mənəvi əhəmiyyətindən danışıb. O, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin daim yaşadılmasının, gənc nəslin milli-mənəvi dəyərlərə və Vətən sevgisinə bağlı şəkildə yetişdirilməsinin vacibliyini qeyd edib.
Mərkəzin ingilis dili müəllimi Aytən Məmmədova müharibə illərində yaşadığı hiss və təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb. O, müharibə günlərində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, Vətənə bağlılığın və şəhid ailələrinə göstərilən mənəvi dəstəyin hər bir azərbaycanlının yaddaşında dərin iz buraxdığını bildirib. Gənc nəslin Azərbaycanın tarixi, milli dəyərləri və Vətən uğrunda göstərilən qəhrəmanlıq nümunələri haqqında məlumatlandırılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Sonda “Ceyran” Rəqs Qrupunun üzvləri tərəfindən Azərbaycan milli rəqslərindən ibarət kompozisiya təqdim olunub.
Daha bir anım tədbiri Saqareco rayonunda fəaliyyət göstərən “Parlaq Gələcək Tədris Mərkəzi”ndə keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Tədris Mərkəzinin direktoru Rafail Süleymanov 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu tarix Vətən müharibəsində həlak olan hərbçilərin və bütün şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir. Mərkəzin müəllimi Durna Mərdanova isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışıb.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.