Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir
Bakı, 28 sentyabr, AZƏRTAC
Mərakeş Kralı VI Məhəmməd Səudiyyə Ərəbistanı ilə güclü həmrəylik mesajı çatdıraraq Krallığa qarşı təkrarlanan husi hücumlarını və Məkkəni hədəf almaq cəhdlərini qınayıb. O deyib: “Səudiyyə Ərəbistanına edilən hər hansı bir hücum Mərakeşə edilən hücumdur”.
AZƏRTAC “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, İki Müqəddəs Ocağın Xadimi Kral Salmana və vəliəhd Məhəmməd bin Salmana göndərdiyi iki mesajda Mərakeş Kralı ölkəsinin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə, suverenliyinə və sabitliyinə qəti dəstəyini bir daha təsdiqləyib.
Kral VI Məhəmməd Səudiyyə Ərəbistanı boyunca mülki və iqtisadi hədəflərə, vacib infrastruktur obyektlərinə, şəhərlərə və yaşayış məntəqələrinə edilən hücumları qınayaraq bildirib ki, Məkkə və Mədinəni hədəf almaq cəhdləri Mərakeşin qınağını daha da artırıb.
“Ölkənizin yaşadığı bu həssas məqamda tarixi məsuliyyət, dini dəyərlər və strateji mülahizələr hamımızdan hüquqların, suverenliyin, təhlükəsizliyin və müsəlman millətinin müqəddəs yerlərinin müdafiəsində bir araya gəlməyimizi tələb edir”, - deyə o bildirib.
Kral hücumların təkcə Səudiyyə Ərəbistanına, xalqına və zəvvarlarına edilən hücum deyil, həm də dünya üzrə 1,8 milyarddan çox müsəlmanın hisslərinə qarşı təhqir olduğunu vurğulayıb. O, cinayətkar əməlləri pisləyərək husiləri və onları dəstəkləyən, maliyyələşdirən və silahlandıran şəxsləri də pisləyib.