Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, təxminən 30 il davam edən münaqişəyə son qoydu. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə və sülh yolu ilə nizamlanmaya üstünlük verdiyini bəyan edir, eyni zamanda, dövlətin iqtisadi, siyasi və hərbi potensialını gücləndirirdi. 2020-ci ildə baş verən Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi, 2023-cü ildə isə Qarabağ üzərində Azərbaycanın nəzarəti tam təmin olundu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.
"Bu prosesin ən mühüm nəticələrindən biri ondan ibarətdir ki, Azərbaycan artıq uzun illər davam edən münaqişənin tərəfi kimi deyil, Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik reallıqlarının formalaşmasına təsir göstərən dövlət kimi çıxış edir. Ərazi bütövlüyünün bərpası ölkənin siyasi gündəliyini də dəyişdi: əsas məsələ işğal faktının aradan qaldırılması ilə yanaşı, azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin qayıdışı, təhlükəsizliyin təmin edilməsi və dayanıqlı inkişafın qurulmasına yönəldi",- deyə deputat bildirib.
Zəfərin Azərbaycanın beynəlxalq nüfuzuna təsiri
O qeyd edib ki, tarixi Zəfərin Azərbaycanın beynəlxalq mövqeyinə təsiri bir neçə istiqamətdə özünü göstərdi. İlk növbədə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi regionda siyasi çəkisini artırdı. Qarabağın azad edilməsindən sonra ölkənin diplomatik gündəliyində regional kommunikasiyaların açılması, nəqliyyat və enerji layihələrinin genişləndirilməsi, Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi və Cənubi Qafqazda davamlı sülhün formalaşdırılması kimi məsələlər daha çox ön plana çıxdı.
Azərbaycanın artan regional əhəmiyyəti yalnız hərbi nəticələrlə izah olunmur. Bakı uzun illər ərzində enerji və nəqliyyat layihələri vasitəsilə Avropa ilə Xəzər regionu arasında mühüm bağlantılar formalaşdırıb. Qarabağdan sonrakı mərhələdə bu imkanlara Zəngəzur dəhlizi ətrafında müzakirələr, Orta Dəhlizin inkişafı və regional kommunikasiyaların bərpası məsələləri də əlavə olunub.
Yeni regional reallıqlar
N.Həsənov vurğulayıb ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazın siyasi xəritəsində mühüm dəyişikliklər baş verdi. Əvvəllər Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı işğal və qarşıdurma reallığı regionun inkişafına ciddi maneə törədirdisə, indi əsas gündəlik regional sülhün və əməkdaşlığın hüquqi-siyasi əsaslarının yaradılmasıdır. Yeni mərhələnin mühüm istiqamətlərindən biri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Burada sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, qarşılıqlı olaraq ərazi bütövlüyünün və suverenliyin tanınması kimi məsələlər xüsusi əhəmiyyət daşıyır. Digər mühüm məsələ regionun nəqliyyat xəritəsinin dəyişməsidir. Azərbaycanı Naxçıvanla birləşdirəcək marşrutlar, Orta Dəhliz, Xəzər dənizi vasitəsilə nəqliyyat bağlantıları və regional yolların inkişafı Cənubi Qafqazın iqtisadi əhəmiyyətini daha da artırır. Beləliklə, münaqişə ilə assosiasiya olunan region tədricən nəqliyyat, enerji və ticarət qovşağına çevrilmək perspektivi qazanır.
Zəfərdən quruculuğa
"Bu mərhələnin digər mühüm xüsusiyyəti hərbi Zəfərin quruculuq prosesinə çevrilməsidir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, yolların, hava limanlarının, enerji və sosial infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yerlərinə qayıtması Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan Zəfərin mahiyyəti yalnız hərbi nəticə ilə məhdudlaşmır. Qarşıdakı əsas məsələ azad edilmiş ərazilərdə təhlükəsiz, müasir və dayanıqlı həyatın qurulmasıdır. Bu proses Azərbaycanın iqtisadi imkanlarının və dövlət idarəçiliyinin də uzunmüddətli sınağıdır.