Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı
Bakı, 28 sentyabr, AZƏRTAC
Xəlvətiyyə təriqətinin görkəmli nümayəndələrindən biri də Azərbaycanda doğulan, lakin ömrünün böyük hissəsini mühacirətdə keçirən şair və mütəfəkkir Şeyx İbrahim Məhəmməd oğlu Bərdəi – İbrahim Gülşəni olub. Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdədə dünyaya gələn İbrahim Gülşəni təhsilini davam etdirmək məqsədilə Yaxın Şərq ölkələrinə üz tutub və ömrünün sonunadək qürbətdə yaşayıb.
Bunu AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi Xuraman Hümmətova bildirib.
Onun sözlərinə görə, İbrahim Gülşəni Seyid Yəhya Bakuvinin müridi olan Dədə Ömər Rövşəni ilə görüşərək onun müridi olub. Dədə Rövşəni özünün son xəlifəsi olan İbrahim Gülşəniyə böyük ehtiram göstərib və ömrünün sonlarına yaxın müridlərini toplayaraq deyib: “Biz Gülşəniyə batin əsrarımızı təslim etdik, onu Rum və Ərdəbil diyarlarına göndəririk. Bu mənanın zühuru sözümüzün üzərindən bir ay keçdikdən sonra görüləcəkdir”.
X.Hümmətova qeyd edib ki, bundan sonra Dədə Rövşəni ərbəinə çəkilib və yanına Gülşənidən başqa heç kəsi buraxmayıb.
“Türk divanında tarixi gerçəklikləri əks etdirən mühüm faktlardan biri Dədə Rövşəninin vəfatından əvvəl İbrahim Gülşəniyə öz səccadəsini təqdim edərək, “Mərhum Seyid Yəhya həzrətlərinin səccadəsini sənə təslim etdim”, – deməsidir. Beləliklə, Seyid Yəhya Bakuvinin mənəvi irsinin Dədə Rövşəni vasitəsilə İbrahim Gülşəniyə ötürülməsi göstərilir. Bu kimi tarixi hadisələrin şairin yaradıcılığında əksini tapması onların ədəbi yaddaşda qorunub saxlanmasına imkan yaradır”, – deyə X.Hümmətova əlavə edib.
Müsahibimiz bildirib ki, mürşidinin vəfatından dərindən sarsılan İbrahim Gülşəni ona mərsiyə məzmunlu şeir həsr edib və keçirdiyi mənəvi iztirabları poetik dillə çatdırıb:
“Bivücudəm, eşq odu bilsəm bənüm nəm yandurur,
Yanubən külli kül oldum, bəs dəxi nəm yandurur”.
“İbrahim Gülşəni təriqət şairi idi. O, mənəvi missiyasını həyata keçirmək və təriqət görüşlərini yaymaq məqsədilə müxtəlif ölkələrdə yaşayıb. Şairin uşaqlığı, təriqətə daxil olması, Təbrizdən Misirə köçməsi, Misirdəki fəaliyyəti, İstanbula gəlməsi, yenidən Misirə qayıtması, vəfatı və kəramətləri mənbələrdə geniş əksini tapıb. Hələ Dədə Ömər Rövşəni sağlığında ona “Allah bilir, sənin dərgahın Misir olacaqdır. Türbə və xanəgahın ali yapılacaqdır”, – deyərək onu Misirə getməyə və orada təkkə yaratmağa təşviq etmişdi”, – deyə X.Hümmətova bildirib.

O qeyd edib ki, İbrahim Gülşəni bir müddət İstanbulda yaşasa da, daha sonra Misirə qayıdıb. Misirdə olarkən Sultan Yavuzla görüşüb və hökmdarın böyük ehtiramı ilə qarşılanıb. Sultan ondan hər hansı ehtiyacının olub-olmadığını soruşduqda Gülşəni Şeyx Müəyyədiyyə məscidinin yaxınlığında boş bir ərazi istəyib. Həmin ərazi ona verildikdən sonra burada təkkə tikdirib və ömrünün sonunadək fəaliyyətini davam etdirib.
X.Hümmətovanın sözlərinə görə, vətənindən uzaqda yaşayan şairin qürbət hissləri də onun yaradıcılığında mühüm yer tutur. Ətrafındakı insanların hörmət və ehtiramına baxmayaraq, Gülşəni ruhən özünü qərib hiss edib, şöhrət və nüfuz onun qürbət duyğularını aradan qaldıra bilməyib.
İbrahim Gülşəni rəqiblərinə münasibətini şeirlərindən birində belə ifadə edib:
“Dəmbədəm dərdü bəla vü möhnətün əskilməsün,
Rəncün artub qövmi-qirdən bihesab olsun rəqib”.
X.Hümmətova vurğulayıb ki, şairin divanındakı nümunələr onun şəxsi yaşantıları ilə yanaşı, yaşadığı mühitdəki problemlər, cəmiyyətdə baş verən hadisələr, tarixi şəxsiyyətlərlə görüşləri, həmin şəxslərin ona münasibəti və dövrünün tanınmış simalarının onun haqqında düşüncələri barədə də müəyyən təsəvvür yaradır.
O əlavə edib ki, Gülşəni qəzəllərinin birində müflisləşmiş qərib insanın vəziyyətini və cəmiyyətin ona münasibətini “qaçubən müflis olandan padişahı quşları”, “hər kim ol dəm söylər olsa, derlər etdi ğərib”, “göz yaşından edübən tufanını hər dəm ğərib”, “matəm kimi açılmaz könlü ğəmdən şad olub” kimi xalq danışıq dilinə yaxın poetik ifadələrlə təsvir edib. Şair qərib insanın müflis və kimsəsiz vəziyyətdə dünyadan köçməməsi üçün Allaha üz tutaraq duyğularını dilə gətirib.
X.Hümmətova sonda qeyd edib ki, İbrahim Gülşəni sonralar Xəlvətiyyənin qollarından biri kimi formalaşan Gülşəniyyə təriqətinin əsasını qoyub. Beləliklə, Seyid Yəhya Bakuvinin mənəvi-irfani ənənəsinin Dədə Ömər Rövşəni vasitəsilə İbrahim Gülşəniyə ötürülməsi və onun fəaliyyəti ilə davam etdirilməsi bu irfani məktəbin sonrakı inkişafında mühüm rol oynayıb.
Müxbir – Günel Alıyeva