Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
27 Sentyabr –Anım Günü ilə əlaqədar Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşkilatçılığı ilə Sarayevoda anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim çərçivəsində Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və Türkiyənin bu ölkədəki səfiri Emin Akseki Sarayevoda yerləşən “Dostluq Parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda həyatını itirmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində Azərbaycanın və Türkiyənin səfirliklərinin əməkdaşları, EUFOR tərkibində xidmət keçən türk batalyonunun komandiri, habelə Bosniya və Herseqovinada fəaliyyət göstərən Türkiyə qurumlarının nümayəndələri iştirak ediblər.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışı zamanı 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında xüsusi və dərin məna daşıyan bir tarix olduğunu bildirib. Səfir qeyd edib ki, bu gün 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük müharibədə həyatını itirən hərbçi və mülki şəxslərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.
“Bu gün biz Vətən uğrunda həyatını itirmiş şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək üçün buradayıq. Onların fədakarlığı və qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin xatirəsinə ehtiram göstərmək bizim üçün yalnız milli borc deyil, həm də gələcək nəsillərə sülhün, təhlükəsizliyin və sabitliyin dəyərini çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə səfir diqqətə çatdırıb.
Vilayət Quliyev vurğulayıb ki, Azərbaycan üçün 27 Sentyabr – Anım Günü həm şəhidlərin xatirəsini yad etmək, həm də ölkənin əldə etdiyi sülh və inkişaf perspektivlərini diqqətə çatdırmaq baxımından mühüm gündür.
Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və onların ruhuna duaların oxunması ilə davam edib.