Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yeni SosialLab elmi-analitik müsabiqəsinin ilk mərhələsi üzrə görüş keçirilib.
Milli Observatoriyadan AZƏRTAC-a bildirilib ki, görüşdə ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə layihənin mahiyyəti, müsabiqənin şərtləri və qiymətləndirmə meyarları təqdim olunub.
Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov komandalar üçün effektiv təhlil və tədqiqat metodları üzrə təlim keçib, hesabatların hazırlanması qaydaları və metodoloji yanaşmalar izah edilib.
Müsabiqə çərçivəsində təqdim olunacaq hesabatlar texniki uyğunluq və plagiat yoxlamasından sonra beynəlxalq akademik meyarlarla qiymətləndiriləcək. Qalib komandaların məqalələrinin Scopus indeksli jurnallarda dərc olunması üçün akademik redaktə və çap dəstəyi göstəriləcək.
Gənclərin tədqiqat bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunan və iki ay davam edəcək SosialLab müsabiqəsində 11 ali təhsil və tədqiqat müəssisəsi iştirak edir.