Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar
Bakı, 28 sentyabr, AZƏRTAC
Ermənilər özlərini xristianlığı ilk qəbul edən xalq kimi təqdim edirlər. Onlar xristianlıq amilindən istifadə etməklə bölgəmizdə işğal siyasətini və saxta tarixlərini əsaslandırmaq istiqamətində addımlar atırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov “Qafqaz Albaniyası: tarixi və mədəni varislik” mövzusunda keçirilən elmi müzakirədə söyləyib.
O bildirib ki, Qafqaz Albaniyası 313-cü ildə xristianlığı qəbul edib. Qarabağda və Şərqi Zəngəzurda yerləşən xristian kilsələrinin ermənilərlə heç bir əlaqəsi yoxdur və bu kilsələr birbaşa Qafqaz Albaniyasına məxsusdur.
"Həqiqət ondan ibarətdir ki, ərəb işğalından sonra da Qafqaz Albaniyası öz varlığını qoruyub saxlayıb, müəyyən formada kilsələrini inkişaf etdirib, dini qurumlarını yaşadıb və müxtəlif əyalət rəhbərləri mövcud olub. 1836-cı ildə isə Alban kilsəsi ləğv edilib və onun yerində erməni kilsəsi Qafqazda ilk dəfə ortaya çıxıb",- deyə Z. Məmmədov vurğulayıb.
Politoloq əlavə edib ki, həm Qarabağda, həm də indiki Ermənistan ərazisində bir sıra kilsələrin xarici və daxili görünüşü dəyişdirilib və nəticə etibarilə tarixin saxtalaşdırılması istiqamətində addımlar atılıb.