Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan idmançıları Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən hapkido (rəqibin gücünü özünə qarşı istifadə etməyə əsaslanan koreyamənşəli dinamik özünümüdafiə və döyüş sənəti-red.) üzrə açıq dünya birinciliyi və çempionatında 13 medal qazanıblar.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kyoruqi (döyüş) proqramında Yusif Məmmədli (33 kiloqram), Nilufər Əliyeva (62 kiloqram) və Rəvan Məmmədov (+87 kiloqram) qızıl, Xədicə Vəlizadə (52 kiloqram) və Fərid Əlizadə (+65 kiloqram) gümüş, Zəhra Manafova (49 kiloqram), Ərgün İba (51 kiloqram) və Əbdülvahab Əliyev (65 kiloqram) isə bürünc medal əldə ediblər.
Xosinsul (fərdi çıxış) proqramında Nilufər Əliyeva bürünc medala sahib olub. Kompleks (inteqrasiya olunmuş) fənlərdə Zəhra Manafova və Xədicə Vəlizadə gümüş medal qazanıblar.
Silahla fristayl proqramının nunçaku növündə Fərid Əlizadə, maneələr üzərindən uzunluğa tullanma yarışında isə Əbdülvahab Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.