Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq
Naxçıvan, 28 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən əhalinin, xüsusilə gənclərin sağlam həyat tərzinə cəlb olunması və asudə vaxtının səmərəli təşkili, ümumilikdə idmanın inkişafı istiqamətində davamlı işlər həyata keçirilir. Bölgələrdə idman infrastrukturunun gücləndirilməsi də bu məqsədə xidmət edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görülən işlərin davamı olaraq 2027-ci ildə muxtar respublikanın 7 yaşayış məntəqəsində minifutbol meydançalarının yaradılması nəzərdə tutulur.
Layihə Kəngərli rayonunun Xok kəndi, Babək rayonunun Cəhri qəsəbəsi, Ordubad rayonunun Azadkənd, Şərur rayonunun Cəlilkənd, Sədərək rayonunun Sədərək, Culfa rayonunun Yaycı və Əbrəqunus kəndlərini əhatə edir.
Bu il avqustun 24-də “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış satınalma müqaviləsinə əsasən, hazırda həmin ərazilərə baxış keçirilir və meydançaların layihələndirilməsi işləri aparılır. Layihələndirmə işlərinin 2027-ci ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.
Hər bir minifutbol meydançasının oyun sahəsi 40x20 metr, ümumi ölçüsü isə 42x22 metr olacaq. Süni ot örtüklü oyun sahəsi metal konstruksiyalı hasarla əhatə olunacaq və meydançanın üzəri torla örtüləcək.
Yeni minifutbol meydançalarının yaradılması bölgələrdə əhalinin idmanla məşğul olması üçün əlverişli şəraitin genişləndirilməsinə, xüsusilə uşaqların və gənclərin müntəzəm fiziki aktivliyə cəlb olunmasına imkan verəcək.