“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsi həyata keçirilən “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvi prosesinin yekunlaşdırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hüquqi prosedurlar tamamlanıb və ləğvetmənin başa çatdırılması təmin edilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Kredit Bankı” ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2-1(81)-3854/2015 nömrəli qərarı ilə məcburi ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli, 2-1(103)-798/2019 nömrəli qərardadına əsasən Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.
Fond banka ləğvedici təyin edildikdən sonrakı dövr ərzində bankın öhdəliklərinin qısa müddət ərzində icrasının təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş tədbirlər həyata keçirib və nəticədə bütün öhdəliklərin icrası tam təmin edilib. Fond tərəfindən bankın ləğv prosesinin yekunlaşdırılması və ləğvedicisi qismində fondun fəaliyyətinə xitam verilməsinə dair ərizə ilə müvafiq məhkəməyə müraciət edilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2026-cı il tarixli, 2-3(1-8)-4/2026 nömrəli qərarı ilə fondun ərizəsi təmin edilərək “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşdırılıb və fondun ləğvedici qismində fəaliyyətinə xitam verilib.
Onu da qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində hazırda 21 bank var. Fond bu bankların da ləğvetməsini kreditorların maraqlarına uyğun şəkildə mümkün ən qısa zaman ərzində yekunlaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.