Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
Tbilisi, 28 sentyabr, AZƏRTAC
Gürcüstan Parlamentində fiziki şəxslərin əmlak vergisinə cəlb edilməsi qaydalarına dəyişiklikləri nəzərdə tutan yeni qanun layihəsinə baxılır.
AZƏRTAC xəbər verir ki, məsələ ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər artıq parlamentin Bürosuna təqdim olunub və qanunverici orqan tərəfindən sürətləndirilmiş qaydada nəzərdən keçiriləcək.
Qanun layihəsində əmlak vergisi üzrə 40 min lari həddinin ləğv edilməsi və yalnız 100 min lari həddinin saxlanılması nəzərdə tutulub. Yeni qanunun qəbul olunacağı təqdirdə, yalnız illik gəliri 100 min laridən yuxarı olan vətəndaşlar əmlak vergisi ödəyəcəklər.
Mövcud qanunvericiliyə əsasən, illik gəliri 40 min lariyə qədər olan ailələr əmlak vergisindən azaddırlar. Gəliri 40 min – 100 min lari arasında olan ailələr üçün vergi dərəcəsi 0,05 faizdən 0,2 faizədək, gəliri 100 min laridən çox olanlar üçün isə 0,08 faizdən 1 faizədək təşkil edir.
Məlumata görə, sözügedən qanunvericilik təşəbbüsü hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatları tərəfindən irəli sürülüb.