Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH
Bakı, 28 sentyabr, AZƏRTAC
Asiya ilə Avropa arasında ticarət əlaqələrinin şaxələndiyi, qlobal təchizat zəncirlərinin yeni istiqamətlər üzrə formalaşdığı və alternativ nəqliyyat marşrutlarına marağın artdığı hazırkı şəraitdə Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır.
Bunu AZƏRTAC-a açıqlamasında türk iqtisadçı-ekspert Canip Nuray bildirib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatında baş verən dəyişikliklər beynəlxalq ticarətin daha çevik və çoxşaxəli nəqliyyat bağlantılarına ehtiyacını artırır.
“Bu baxımdan Avropa ilə Asiyanı birləşdirən marşrutların diversifikasiyası həm regional, həm də qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır. Əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və beynəlxalq layihələrdə iştirakı Cənubi Qafqazı Şərq-Qərb ticarət əlaqələrinin mühüm halqalarından birinə çevirir. Regionun tranzit potensialının artırılması yükdaşımaların daha sürətli və təhlükəsiz həyata keçirilməsinə, eləcə də yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Bu prosesdə Azərbaycan xüsusi əhəmiyyət daşıyan ölkələrdən biridir. Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri, liman və dəmir yolu infrastrukturunun inkişafı, həmçinin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı ölkənin tranzit imkanlarını genişləndirir”, - deyə Canip Nuray vurğulayıb.
Ekspert bildirib ki, Orta Dəhlizin inkişafı Asiya və Avropa arasında alternativ bağlantıların gücləndirilməsi baxımından mühüm perspektivlər vəd edir. Bu marşrut üzrə infrastrukturun təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal həllərin tətbiqi daşımaların səmərəliliyinin artırılmasına və regionun rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edə bilər: “Nəqliyyat dəhlizlərinin inkişafı yalnız tranzit gəlirlərinin artması ilə məhdudlaşmır. Bu proses yeni investisiyaların cəlb edilməsi, logistika mərkəzlərinin yaradılması, ticarət dövriyyəsinin genişləndirilməsi və region ölkələri arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün də əlavə imkanlar formalaşdırır. Cənubi Qafqazın artan geoiqtisadi əhəmiyyəti region ölkələrinin əməkdaşlığını daha da aktuallaşdırır. Nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantıların inkişaf etdirilməsi Cənubi Qafqazın beynəlxalq iqtisadi sistemdə rolunun möhkəmlənməsinə və Asiya-Avropa ticarət əlaqələrində daha fəal mövqe tutmasına imkan verə bilər”.