Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub
Bakı, 28 sentyabr, AZƏRTAC
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Böyük Britaniyanı təmsil edən 11 yaşlı Bodhana Sivanandan qadınlar arasında qrosmeyster (WGM) adını qazanan ən gənc şahmatçı kimi tarixə düşüb.
AZƏRTAC xəbər verir ki, yeniyetmə şahmatçı bu ad üçün tələb olunan normanı ilk lövhədə keçirdiyi 11 oyunda 8 xal toplamaqla yerinə yetirib.
Qadınlar arasında qrosmeyster (Woman Grandmaster) titulu Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən daha aşağı tələblər əsasında verilir.
Bodhana Sivanandanın şahmata marağı COVID-19 pandemiyası dövründə təsadüfən başlayıb. O, Londonun şimalındakı Harrou rayonunda ailə dostlarının onların evində qoyub getdiyi lazımsız əşyalar arasında şahmat taxtası tapıb. Atası ona oyunun əsas qaydalarını öyrədib. Lakin qısa müddət sonra Bodhana atasını məğlub etməyə başlayıb. Gənc şahmatçı daha sonra bacarıqlarını əsasən “YouTube”da yayımlanan təlim videoları vasitəsilə inkişaf etdirib.
Sivanandan daha əvvəl də Britaniya şahmatının tarixinə düşüb. O, ölkə tarixində qadınlar arasında ən gənc şahmat çempionu olub. Bununla da 86 il əvvəlki rekordu yeniləyib. 1939-cu ildə Elaine Pritçard 13 yaşında Böyük Britaniya çempionu olmuşdu.
Qadınlar arasında ən gənc qrosmeyster rekordunun əvvəlki sahibi 2002-ci ildə 12 yaş 4 aylığında bu titula yiyələnən Yekaterina Lahno idi. O zaman şahmatçı Ukraynanı təmsil edirdi.
Ümumi kateqoriyada isə ən gənc qrossmeyster rekordunu ABŞ təmsilçisi Abhimanyu Mişra saxlayır. O, qrossmeyster normasını 12 yaş 4 aylığında yerinə yetirib.