Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır
Bakı, 28 sentyabr, AZƏRTAC
Havalar soyuduqca Avropada təbii qazın qiyməti artır ki, bu da əhali ilə yanaşı, hökumətləri də düşündürür. Son üç gündə Avropada qazın qiyməti 3,5 faiz artıb. Qazın qiymətinin artmasına təkan verən amillərdən biri də Avropa dövlətlərinin ərazisindəki qaz anbarlarının doluluq nisbətinin aşağı olmasıdır. Avropa standartlarına görə, qaz ehtiyatı yalnız anbarlar 85 faiz dolu olduqda yetərli sayılır.
AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdən və ABŞ-dən “köhnə qitəyə” idxal olunan az miqdarda mayeləşdirilmiş təbii qazın (LNG) bir hissəsi anbarlara, digər hissəsi isə iqtisadi tələbatın ödənilməsinə yönəldilir, bu da qiymət artımına səbəb olur.
Son vaxtlar Hörmüz boğazından bir neçə LNG tankeri keçib. Lakin bu qaz kommersiya yükü kimi müxtəlif şirkətlər tərəfindən Avropaya idxal edilib və baha qiymətə satılıb.
“Fitch Ratings” agentliyinin hesabatına görə, Hörmüz boğazındakı vəziyyət düzəlməsə, qaz qiymətlərinin artımı gələn il də davam edəcək. Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır. Lakin hələlik ABŞ ilə İranın mövqelərində yumşalma müşahidə edilmir.
Dünya qaz tələbatının 20 faizi Yaxın Şərqdən ixrac edilir. Qiymət artımı əhalinin kommunal xərclərinin, ərzaq və digər istehlak mallarının, eləcə də xidmətlərin qiymətlərinin artmasına səbəb olub.
Avropa İttifaqının enerji üzrə komissarı Dan Yorgensen Avropa dövlətlərinin rəhbərlərinə müraciət edərək enerjidən istifadənin məhdudlaşdırılmasını təklif edib. O deyib ki, elektrik enerjisinin istehsalı üçün sərf olunan qazın həcmi azaldılarsa, qənaət rejiminə keçiləcək və bu, istehlak mallarının qiymətlərinin artımının və inflyasiyanın qarşısını almağa kömək edəcək. Bunun müvəqqəti tədbir olduğunu bildirən avrokomissar qışda Avropanın çətinliklərlə qarşılaşacağını da vurğulayıb.
“QatarEnergy” bildirib ki, LNG istehsal edən müəssisələr hərbi münaqişənin ilk həftəsində raket zərbələrinə məruz qalıb. Onların təmiri və yenidən istismara verilməsi 3 ildən 5 ilədək vaxt aparacaq. Bu müddət ərzində isə Avropada qazın qiymətinin düşəcəyini gözləmək olmaz.