Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir
Nyu-York, 28 sentyabr, AZƏRTAC
Qərbi azərbaycanlıların öz keçmiş yaşayış yerlərinə qayıdış hüququ məsələsi BMT-nin müvafiq qurumları və beynəlxalq mexanizmləri çərçivəsində nəzərdən keçirilməyə layiqdir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun Kommunikasiya və Data Analitikası şöbəsinin müdiri Elgün Hacıyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfransda deyib.
“Qərbi azərbaycanlıların qayıdışı beynəlxalq hüquq və insan hüquqları standartlarına uyğun olmalıdır. Buraya könüllülük, təhlükəsizlik, ləyaqət və ayrı-seçkiliyə yol verilməməsi, həmçinin restitusiya və ya kompensasiya üçün müvafiq mexanizmlərin yaradılması, mədəni və dini irsin qorunması daxildir”, - deyə Elgün Hacıyev bildirib.
O vurğulayıb ki, qayıdış hüququ fundamental insan hüququdur.
“Öz doğma yurduna qayıtmaq yalnız fiziki qayıdış deyil. Bu, kimliyin, ləyaqətin, tarixi yaddaşın və mədəni davamlılığın bərpası deməkdir”, - deyə BTQ-nin şöbə müdiri qeyd edib.
Elgün Hacıyevin sözlərinə görə, mədəni irsin qorunması və mövcud hüquqların hüquqi mexanizmlər, dialoq və etimad quruculuğu vasitəsilə təmin edilməsi barışığa və davamlı sülhə töhfə verə bilər.