Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin musiqi irsindən seçilmiş əsərlər Uşaq Filarmoniyasının solistlərinin ifasında səsləndirilib.
Proqram Filarmoniyanın solistləri, Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər: Xalq artisti Ağaverdi Paşayev), Uşaq Xor Kapellası (bədii rəhbər: Əməkdar artist Naala Barateliya) və xanəndəlik sinfinin (müəllim Elburus Niftəliyev) çıxışları ilə başlayıb.
Daha sonra bəstəkarın “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru, Səid Rüstəmovun “Qaytağı”, Süleyman Ələsgərovun “Poema” əsərləri, Arif Məlikov, Dadaş Dadaşovun xalq çalğı alətləri orkestri üçün süitalarından hissələr və “Qarabağ şikəstəsi” ifa olunub.
Konsert proqramında instrumental ifalarla yanaşı, rəngarəng xoreoqrafik lövhələrdən ibarət nömrələr təqdim olunub. Həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasında xüsusi qayğıya ehtiyacı olan uşaqların da çıxışları dinlənilib.