Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
Bakı, 28 sentyabr, AZƏRTAC
Özbəkistanda Data mərkəzlərinin tikinti layihələri üzrə investisiya öhdəliklərinin həcmi 6 milyard dolları ötüb. Ölkə süni intellektin inkişafı və xarici hesablama resurslarından asılılığı azaltmaq üçün öz hesablama infrastrukturunu genişləndirir. Bu barədə Daşkənddə keçirilən “ICT Week Uzbekistan 2026” forumunda məlumat verilib.
AZƏRTAC tədbirin saytına istinadla xəbər verir ki, NVIDIA texnologiyaları əsasında yaradılmış və yay aylarında istifadəyə verilmiş dövlət hesablama klasterinin yüklənmə səviyyəsi fəaliyyətinin ilk ayında artıq 90 faizə çatıb.
Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatovun sözlərinə görə, hazırda klasterin növbəti inkişaf mərhələsi üçün avadanlıq alınır. Bununla yanaşı, ölkədə iri özəl layihələr də həyata keçirilir. Belə layihələrdən biri Səudiyyə Ərəbistanının “DataVolt” şirkətinin Daşkənddə 12 meqavat gücündə inşa etdiyi məlumat mərkəzidir. Mərkəzin gücünün gələcəkdə 300 meqavata çatdırılması nəzərdə tutulur.
Ölkədə dövlət xidmətləri və sənaye üçün həllər də daxil olmaqla, süni intellekt sahəsində 100-dən çox layihə həyata keçirilir. Xüsusilə də sənədlərin emalı və vətəndaşlara dövlət orqanlarının məlumatlarının təqdim edilməsi üçün sistemlər, habelə dağ-mədən sənayesi üçün dronlar və robot texnologiyaları hazırlanır. İlin sonunadək ali təhsil müəssisələrində 20-dən çox süni intellekt laboratoriyasının açılması planlaşdırılır. Bununla yanaşı, forum iştirakçıları qeyd edirlər ki, infrastrukturun inkişaf etdirilməsi yerli biznesin hesablama resurslarından münasib qiymətlərlə istifadə etmək problemini həll etmir.
Massaçusets Texnologiya İnstitutunun (MIT) Rifah və Sahibkarlıq Mərkəzinin tədqiqatlar üzrə direktoru Şamil İbrahimovun sözlərinə görə, Özbəkistanın bir çox startapı üçün hesablama resursları hələ də bahadır. Buna görə də şirkətlərin bir hissəsi beynəlxalq bulud xidmətləri təqdim edən provayderlərin xidmətlərindən istifadəni davam etdirir.
Beləliklə, Özbəkistan eyni vaxtda süni intellekt infrastrukturu üçün investisiyaları artırır, öz texnologiyalarını və insan kapitalını inkişaf etdirir. Bununla belə, startaplar və kiçik texnologiya şirkətləri üçün hesablama gücündən sərbəst istifadə məsələsi hələ də aktual olaraq qalır.