Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu
Bakı, 28 sentyabr, AZƏRTAC
Bəzən bir insanın ömür yolu onun yaşadığı illərlə deyil, geridə qoyduğu izlərlə ölçülür. Vətən müharibəsi şəhidi Səbuhi Sadıqovun 24 illik həyatı də məhz belə bir ömürdür. İdman meydanlarında qazandığı qələbələrdən Vətən müharibəsinin ən ağır döyüşlərinə qədər uzanan bu yol onun həm gücünü, həm də torpağa bağlılığını nümayiş etdirir. O, döyüş meydanına da illərlə formalaşdırdığı iradə və cəsarətlə yollandı.
İdmandan Xüsusi Təyinatlı Bölüyə
Səbuhi Rövşən oğlu Sadıqov 1996-cı il mayın 9-da anadan olub. Əslən Füzuli rayonunun Ələsgərli kəndindən olan Səbuhi Sadıqov Bakı şəhərinin Nərimanov rayonunda yaşayıb, 73 saylı tam orta məktəbdə təhsil alıb.
Uşaqlıq illərindən idmana böyük həvəs göstərən Səbuhi əvvəlcə karate və kikboksla məşğul olub. Daha sonra sərbəst güləşə maraq göstərərək bu idman növü üzrə məşqlərini davam etdirib. O, Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü olub, beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcəli mükafatlara layiq görülüb və çempion adını qazanıb.
2014-cü ildə hərbi xidmətə yollanan Səbuhi Naxçıvan Muxtar Respublikasında Xüsusi Təyinatlı Qüvvələrdə 1 il 6 ay xidmət edib. Hərbi xidmətdən sonra da döyüş sənətindən uzaqlaşmayıb. MMA – qaydasız döyüş növü ilə peşəkar səviyyədə məşğul olub və Ultimax Döyüş Növləri Federasiyasının üzvü olub.
Federasiyanın təşkil etdiyi Bakı və respublika çempionatlarında qaliblər sırasında olub. Gürcüstanda keçirilən dünya çempionatında professional kəmər uğrunda mübarizə apararaq qara kəmər qazanıb.
Səbuhi Sadıqov əldə etdiyi təcrübəni bölüşüb, “Comando Fight” adlı klub yaradaraq burada çoxsaylı tələbələr yetişdirib, keçdiyi yolu yeni nəsil idmançılara öyrədib.
2020-ci ilin payızında ərazi bütövlüyümüz uğrunda döyüş başlayanda Səbuhi Sadıqov da tərəddüd etmədən döyüşə yollanıb. Sentyabrın 28-də Vətən müharibəsinə könüllü olaraq yola düşərkən “Vətən dardadır” deyərək yaxınları ilə vidalaşıb.
Onun anasına dediyi “Dua et, ana, mən arzuma çatım” sözləri isə sonradan həyatının ən ağrılı, eyni zamanda, ən qürurlu xatirələrindən birinə çevrilib.
Səbuhi Xüsusi Təyinatlı Bölüyün tərkibində döyüşlərə qatılıb, Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də isə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Noyabrın 5-də Səbuhi Sadıqov Füzuli rayonunun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Yarımçıq qalan arzular...
Səbuhi ailənin tək oğlu idi. Hələ həyatının ən gözəl illərində nişanlı olduğu vaxtda Vətən qarşısında ən böyük borcunu yerinə yetirmək üçün döyüş meydanına getmişdi. O, arzularını, qurmaq istədiyi ailəni və gələcək planlarını torpaqlarımızın bütövlüyü uğrunda qurban verdi.
Prezident İlham Əliyevin sərəncamları ilə Səbuhi Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, ömrünün 24-cü ilində şəhid oldu. İdman meydanlarında qazandığı qələbələri, xüsusi təyinatlı bölüyün tərkibində Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə isə özündən sonra bir ömürdən daha böyük xatirə qoydu. “Dua et, ana, mən arzuma çatım” deyən Səbuhi arzusuna çatdı – Vətən torpağının yad əllərdən xilas edilməsi uğrunda şəhidlik zirvəsinə ucaldı.
Onun adı və keçdiyi döyüş yolu yaddaşlardan silinməyəcək...
Müxbir - Göyçək Mahmudlu