AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir
Bakı, 28 sentyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun yaranmasının 90 illiyinə həsr olunmuş “Ədəbiyyatşünaslıqda müasir problemlər” mövzusunda XVIII beynəlxalq simpozium keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, simpoziumun açılış mərasimində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratianinin “Gürcü Ədəbiyyatı İnstitutu – 90 il: Yol və əsas mərhələlər” mövzusunda geniş məruzəsi dinlənilib.
Plenar iclasda Tokio Universitetinin professoru Qikaru Fuci məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində qonaqlar universitetin muzeyində institutun yubileyinə həsr olunmuş “Ədəbiyyat İnstitutu: Tarixlər və fotoşəkillər” adlı kitabla və fotosərgi ilə tanış olublar.
Tədbirin ikinci günü Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda “Milli ədəbiyyatlar üzrə tədqiqat mərkəzləri arasında akademik əməkdaşlıq və onun perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masaya professor İrma Ratiani moderatorluq edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli geniş məruzə ilə çıxış edib. Çoxillik tarixi ənənələrə malik Azərbaycan-Gürcüstan elmi əlaqələrinin yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir panel iclasları ilə davam etdirilib. Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyə, Özbəkistan, Yaponiya, Rusiya, Fransa, Bolqarıstan, Polşa, Ukrayna, Litva, Latviya, Sloveniya, Serbiya və başqa ölkələrdən tanınmış tədqiqatçı-alimlərin iştirak etdiyi beynəlxalq simpoziumda 130-dan çox elmi məruzə dinlənilib.
Çıxışlar zamanı milli ədəbiyyatların beynəlxalq müstəvidə birgə tədqiqi, institutlararası elmi mübadilə proqramları və gələcək birgə layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə olunub.