“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qafqaz Albaniyası: tarixi və mədəni varislik” mövzusunda tarixçi-alimlərin və ekspertlərin iştirakı ilə müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, tarixçi-alim Məhəbbət Paşayeva və Rizvan Hüseynov, həmçinin AMEA-nın Azərbaycanın qədim dövr tarixi şöbəsinin müdiri Ramin Əlizadə çıxış ediblər.
Çıxışlarda Qafqaz Albaniyasının tarixi, tarixi-coğrafiyası və maddi-mədəni irsi, onun Azərbaycan tarixində yeri, Alban abidələrinin arxeoloji və elmi baxımdan araşdırılması məsələləri diqqət mərkəzində olub. Tarixi mənbələrin öyrənilməsi və mövcud irsin qorunmasının vacibliyi vurğulanıb.
Bildirilib ki, 1983-cü ildə Azərbaycan ərazisində fəaliyyət göstərmiş erməni dini institutlarının, kilsələrinin və yeparxiyalarının arxivləri Azərbaycan arxivlərindən götürülərək Ermənistan SSR-ə təhvil verilib. Bu barədə Azərbaycan arxivlərinin baş kitabında hələ sovet dövründə rəsmi qeyd aparıldığı diqqətə çatdırılıb. Arxivlərin Ermənistana verilməsinin Azərbaycanla bağlı tarixi sənədlərin qorunması və araşdırılması baxımından ciddi suallar yaratdığı qeyd olunub.
Həmçinin XIX əsrdən etibarən Qafqaz Albaniyasının tarixi və irsinin təhrif edilməsi ilə bağlı proseslərə toxunulub. 1836-cı ildə Alban Apostol Kilsəsinin ləğvindən sonra kilsənin varidatı, əlyazmaları və digər tarixi materiallarının bir hissəsinin Eçmiədzinə aparıldığı bildirilib. Bu proseslərin sonrakı dövrlərdə də davam etdiyi, Azərbaycan alimlərinin uzun müddət həmin abidələrə çıxış imkanlarının məhdud olduğu vurğulanıb.
Müzakirələrdə işğaldan azad edilmiş ərazilərdə arxeoloji ekspedisiyaların və elmi-tədqiqat işlərinin aparılmasının Qafqaz Albaniyasının tarixi və maddi-mədəni irsinin öyrənilməsi üçün yeni imkanlar yaratdığı bildirilib.