“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti
Bakı, 28 sentyabr, AZƏRTAC
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Orient express – Vyanadan Bakıya” adlı konsert proqramı təqdim olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, avstriyalı dirijor, bəstəkar və aranjimançı Markus Geiselhartın rəhbərliyi və Estrada-simfonik orkestrinin müşayiəti ilə gerçəkləşən konsertdə müasir orkestr cazı, improvizasiya və milli musiqi çalarları bir araya gətirilərək dinləyicilərə Vyanadan Bakıya uzanan özünəməxsus musiqi səyahəti yaşadıb.
Gecədə M.Geiselhartın əsərləri ilə yanaşı, Rafiq Babayev, Rauf Hacıyev və digər Azərbaycan bəstəkarlarının, eləcə də xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.