Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Arzu Osmanova alunit filizindən vanadium 5-oksidin çıxarılması prosesinin kimyəvi aspektləri üzrə tədqiqat işi aparıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat işi alunit filizinin kompleks emalı məhsullarından vanadium birləşmələrinin selektiv ayrılması və təmiz vanadium (V) oksidin (V₂O₅) alınmasının kimyəvi qanunauyğunluqlarından bəhs edir. Tədqiqat zamanı Azərbaycanın Daşkəsən rayonunda yerləşən Zəylik alunit yatağından götürülmüş filizdən istifadə edilərək vanadiumun qələvi məhlullara keçirilməsi, konsentrasiyası və müxtəlif birləşmələr şəklində çökdürülməsi prosesləri araşdırılıb. Vanadiumun ayrılması və alınma şəraitinin optimallaşdırılması məqsədilə müasir fiziki-kimyəvi analiz üsullarından istifadə olunub, həmçinin vanadiumun adsorbsiya yolu ilə çıxarılması imkanları öyrənilib.
Tədqiqat nəticəsində ekoloji təhlükəsiz və effektiv texnologiyanın işlənib hazırlanmasına dair elmi-praktiki nəticələr əldə olunub.
Arzu Osmanova kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçıdır. Onun dissertasiya işi üzrə tədqiqatlarının nəticələri əsasında “Alüminat məhlullarından qallium və vanadium çıxarılması üsulu” adlı patent də alınıb.