Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir
Nyu-York, 28 sentyabr, AZƏRTAC
Müxtəlif xalqların tarixi və siyasi şəraiti fərqli olsa da, onların azadlıq, ləyaqət, müstəqillik və suverenlik uğrunda mübarizəsində oxşar problemlər mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu Korsikanın Luqo-di-Natsa kommunasının meri, “Nazione” müstəqillik hərəkatının üzvü Fransua Benedetti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ” adlı panel müzakirəsində deyib.
O bildirib ki, müstəmləkəçilik yalnız ərazi və siyasi nəzarətlə məhdudlaşmır, xalqın dili, mədəniyyəti və kimliyinə də təsir göstərir: “Mədəni kimliyin zəiflədilməsi ilk növbədə dilin sıxışdırılması ilə həyata keçirilirdi. Məqsəd xalqın dilinin və mədəniyyətinin tarixi dayaqlarını dəyişdirmək idi”.
Benedettinin sözlərinə görə, iqtisadi asılılıq və demoqrafik dəyişikliklər də xalqların öz torpaqları və gələcəkləri üzərində nəzarət imkanlarına təsir göstərir.
“Ölkələrin xüsusiyyətləri fərqli olsa da, siyasi müzakirələr göstərir ki, azadlıq, ləyaqət, müstəqillik və suverenlik uğrunda səylərimiz oxşar maneələrlə qarşılaşır”, - deyə o vurğulayıb.