Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Tbilisi, 28 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və dəstəyi, Gürcüstanda yaşayan soydaşlarımızın iştirakı ilə silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Anım Günü çərçivəsində Marneuli şəhərində səfirlik, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İş Adamları Birliyinin (AİAB) dəstəyi, Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “Əbədi Yaşayanlar” adlı anım mərasimi təşkil olunub.
Tədbirdə şəhid ailələrinin üzvləri, Türkiyənin Gürcüstandakı səfirliyinin diplomatları və hərbi attaşe aparatının əməkdaşları, din xadimləri, təşkilat rəhbərləri, ziyalılar, icma və media nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların Vətən qarşısındakı xidmətlərinin və qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, bədii səhnə nümayiş etdiriblər.
Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları müxtəlif bölgələrdə yaşayan şəhid ailələrini ziyarət ediblər. Görüşlər zamanı şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanılıb, onlara dəstək ifadə olunub.
Səfir F.Quliyev Bolnisi rayonunun Kəpənəkçi kəndində şəhid Elşad Budaqovun doğulduğu evə baş çəkib, burada səfirliyin dəstəyi ilə yaradılmış xatirə otağı ilə tanış olub. Diplomat şəhidin həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının, xatirəsinin əbədiləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Səfir, həmçinin Bolnisi rayonunun Zol-Güvəc kəndində şəhid Elşən Məmmədovun məzarını ziyarət edərək ailə üzvləri ilə görüşüb.
Bununla yanaşı, səfirliyin təşkilatçılığı və AİAB-ın dəstəyi ilə Tbilisi, Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında şəhid ailələri ziyarət olunub, onlara xüsusi sovqatlar təqdim edilib.