Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakıda Bhakti Marqa ənənəsinin svamisi, Paramahamsa Şri Svami Vişvanandanın böyük şagirdi Svami Şarada ilə görüş keçirilib. Latviyada yaşayan vaişnava rahib, ruhani müəllim və yoqa təlimçisi Bakı auditoriyası üçün “Əsl xoşbəxtlik nədir və onu harada axtarmaq lazımdır?” mövzusunda mühazirə oxuyub, iştirakçıların suallarını cavablandırıb, həmçinin bir neçə mantra səsləndirib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində o, Azərbaycana ilk dəfə gəlmədiyini və burada özünü çox yaxşı hiss etdiyini bildirib.
“Mənəvi ailə” deyilən bir anlayış var və sanskrit dilində belə gözəl bir ifadə mövcuddur: “Bütün dünya böyük bir ailədir”. Hər dəfə bura gələndə daha çox mənəviyyatlı insanla qarşılaşıram və bu mənə böyük sevinc hissi verir. Qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm”, – deyə ruhani müəllim qeyd edib.
Azərbaycan torpağında hansı enerjini hiss etdiyindən danışan Svami Şarada Uca Yaradanın enerjisinin ən xüsusi olduğunu vurğulayıb: “Uca Yaradana dua edilən, Ona inam gətirilən, Ona müraciət edilən hər yerdə Onun enerjisi hiss olunur. Əgər burada hər şey başqa cür olsaydı, yəqin ki, bura gəlmək, insanlarla görüşmək və ünsiyyət qurmaq çətin olardı. Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var. Bildiyim qədər, bu ölkədə mənəviyyatın inkişafı dövlət səviyyəsində dəstəklənir və bu, böyük üstünlükdür”.
Son dövrlərdə mənəvi praktikaların dünyada nə üçün getdikcə daha çox populyarlaşdığı barədə düşüncələrini bölüşən müsahibimiz bildirib ki, insanın Uca Yaradanla ünsiyyət qurmaq ehtiyacı hər zaman mövcud olub: “Elə bir dövr olub ki, insan bunu doğulduğu andan ana südü ilə mənimsəyib və bu halda ənənələr də qorunub saxlanılıb. Sonra elə bir dövr gəlib ki, bu ənənələr itib. Lakin biliklər bu günümüzə qədər qorunub. Bəzən bilik əldə edirik, ona dəyər vermirik, itiririk, sonra isə yenidən ona qayıdırıq. Yəqin ki, indi elə bir dövr gəlib çatıb ki, mənəvi praktikalarla məşğul olmaq çox zəruri və vacibdir. Bunun üçün ilk növbədə özümüz dəyişməli, dünyaya da dəyişməkdə kömək etməliyik ki, burada həyat hər bir insan üçün daha yaxşı olsun”.
Hər gün insanın özünü daha yaxşı və xoşbəxt hiss etməsinə kömək edə biləcək sadə bir məsləhət və ya praktik tövsiyə vermə xahişinə cavab olaraq o, mantraları xatırladıb: “Hər bir ənənədə Uca Yaradanın adlarının təkrarlanması praktikası var. Bizim ənənəmizdə də gözəl mantralar mövcuddur. Əgər kimdəsə mantra oxumağa qarşı istəksizlik yaranırsa, o zaman nəfəsinizə diqqət yetirin. Çünki sakit nəfəs alma zehninizi sakitləşdirməyə imkan verir. Pozitiv düşünün və daha çox gülümsəyin!”.
Müəllif – Anara Axundova