Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil
Nyu-York, 28 sentyabr, AZƏRTAC
Siyasi müstəqilliyin əldə olunması heç də həmişə tam suverenliyin təmin edilməsi demək deyil.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Afrika Mənşəli İnsanlar üzrə Daimi Forumunun sabiq sədri və hazırkı üzvü, səfir Cun Kristin Mari Sumer BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ” adlı panel müzakirəsində deyib.
“Siyasi müstəqillik mütləq şəkildə tam suverenlik demək deyil. Müstəmləkəçilik sistemi aradan qaldırılmayıb, sadəcə formasını dəyişib”, - deyə o bildirib.
Cun Kristin Mari Sumer qeyd edib ki, dekolonizasiya yalnız ərazilərin işğalına son qoyulması kimi başa düşülməməlidir: “Müstəmləkəçilik torpağın tutulmasından daha geniş anlayışdır. Burada söhbət nəzarətdən, resursların istismarından, mədəniyyətə, institutlara, biliyə və insanların özləri haqqında təsəvvürlərinə təsirdən gedir”.
Onun sözlərinə görə, əsas məsələ xalqların öz gələcəklərini müəyyən etmək üçün real və substantiv gücə sahib olub-olmamasıdır.