Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir
Nyu-York, 28 sentyabr, AZƏRTAC
Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Hovard Universitetinin müəllimi, “One St. Martin Association” təşkilatının prezidenti, Sent-Martenin sabiq naziri Roda Rebekka Arrindell BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfransda “Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ” mövzusunda panel müzakirəsində deyib.
“Repatriasiya və yenidən məskunlaşma hüququ məcburi şəkildə öz doğma yurdlarından çıxarılmış insanların hüquqlarının bərpasını nəzərdə tutur. Bizim üçün bu hüquq bütün məcburi köçürülmüş xalqlara şamil olunur”, - deyə Roda Rebekka Arrindell bildirib.
O vurğulayıb ki, dekolonizasiya keçmişə aid tarixi proses kimi qəbul edilməməlidir: “Dekolonizasiya başa çatmamış siyasi öhdəlikdir. Beynəlxalq ictimaiyyət xalqların öz müqəddəratını təyinetmə, suverenlik və ləyaqətli inkişaf hüquqlarını məhdudlaşdıran strukturları aradan qaldırmalıdır”.
Roda Rebekka Arrindell BMT-ni bu istiqamətdə daha fəal rol oynamağa çağırıb. “Əgər Birləşmiş Millətlər Təşkilatı bütün xalqların öz siyasi gələcəyini müəyyən etmək hüququna həqiqətən sadiqdirsə, bu prinsip istisnasız olaraq bütün xalqlara şamil edilməlidir”, - deyə o vurğulayıb.