Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır
Nyu-York, 28 sentyabr, AZƏRTAC
Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində davamlı və ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu idarəçilik məsələləri üzrə beynəlxalq məsləhətçi Karlayl Korbin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ” adlı panel müzakirəsində deyib.
“BMT Nizamnaməsi öz müqəddəratını təyinetmə məsələsində çox aydındır. Öz müqəddəratını təyinetmə fundamental insan hüququdur və Baş Assambleya bunu onilliklərdir hər il təsdiqləyir”, - deyə Karlayl Korbin bildirib.
O qeyd edib ki, dekolonizasiya BMT-nin başa çatmamış gündəliyi olaraq qalır və bununla bağlı təşkilatın müxtəlif mexanizmləri çərçivəsində çoxsaylı qərar və tövsiyələr qəbul edilib.
Karlayl Korbin Bakı Təşəbbüs Qrupunun bu məsələyə davamlı diqqət yetirməsini xüsusi vurğulayıb: “Bakı Təşəbbüs Qrupunun bu istiqamətdə fəaliyyəti mühüm, aydın və ardıcıl olub. Bəzi qurumlar bu məsələni bir və ya iki dəfə qaldırdıqdan sonra marağını itirə bilər. Burada isə belə deyil və düşünürəm ki, bu, olduqca vacibdir”.
O, həmçinin dekolonizasiya ilə tarixi ədalətin bərpası arasında birbaşa əlaqədən danışıb, bu prosesin yalnız keçmişin nəticələrinin aradan qaldırılması ilə məhdudlaşmamalı olduğunu bildirib.