Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiqənin nəticələrinə əsasən, 1818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, həmçinin “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operatorların nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın elektron versiyasının (PDF formatında) günün sonunadək “www.abiturient.az” saytında yerləşdiriləcək. Elektron versiyanı həmin saytda ödəniş əsasında əldə etmək mümkündür.
Qəbul olunanların qeydiyyatı yalnız “my.gov.az” portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı sentyabrın 30-u saat 15:00-dan oktyabrın 5-i saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyatdan keçmək üçün əvvəlcə “mygov ID” (vahid giriş sistemi) vasitəsilə “my.gov.az” portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq və onun qəbul haqqında əmri ali və ya orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.