Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir
Bakı, 28 sentyabr, AZƏRTAC
Müxtəlif ölkələrdə və dillərdə Albaniya dövlətinin tarixi və mədəniyyətinə çoxsaylı əsərlər həsr olunub. Lakin müxtəlif dövrlərdə albanşünaslıq sahəsində aparılmış bəzi tədqiqatlarda məqsədyönlü şəkildə ciddi saxtakarlıqlara yol verilib və bu istiqamətdə yazılan əsərlərin bir çoxu tarixi gerçəkliyi əks etdirmir. Məhz bu cür təhriflərin qarşısını almaq və elmi gerçəklikləri üzə çıxarmaq məqsədilə Qarabağın alban-qıpçaq tarixinə dair araşdırma aparılıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev deyib. O qeyd edib ki, Albaniyanın etnik substratı və türk boylarının Albaniya əhalisinin tərkibində olması yazılı ilk mənbələrlə yanaşı, arxeoloji, antropoloji və epiqrafik dəlillərlə də təsdiq edilir. Albaniya əhalisinin kilsəni “tapınaq” adlandırması, tapınaqların divarlarında və məzar daşları üzərində Tanrı inancı ilə bağlı ayinlərin, həmçinin türk süvarilərinin təsvirlərinin aşkar edilməsi, hökmdarın “xaqan”, hökmdar xanımlarının isə “xatun” adlandırılması tarixi faktlardır. Albaniya dövləti mövcud olduğu dövrdə Cənubi Qafqaz regionunda hay və ya erməni adlı toplum mövcud olmayıb. Arxeoloji, antropoloji və yazılı mənbələr Albaniya ərazisində türk boylarının ən qədim zamanlardan yaşadığını sübut edir. Hətta erməni mənbələri türk boylarının Albaniyada hərbi-siyasi cəhətdən nüfuzlu mövqeyə malik olduğunu təsdiq edir.
E.Nəciyevin sözlərinə görə, Dərbənddən Qanıx (Alazan) çayı vadisi, Göyçə gölü hövzəsi və Şərqi Anadoluyadək geniş coğrafiyada İskit (Skif) elatlarına aid yüzlərlə kurqan mövcuddur. Böyük İskit dünyası Uzaq Şərqdən, Sibirdən, Mərkəzi Asiyadan Anadoluya və Şərqi Avropaya qədər geniş coğrafiyanı əhatə edib. Sakan, Sakasena, Balasakan (Yuxarı saklar), Sünik (Sisakan – otuz saklı), Şəki, Zaqatala və bir çox digər tarixi adlar İskit-Sak türklərinin bugünkü nəsillərə yadigarlarıdır.
Tarixçi-alim q qeyd edib ki, Albaniya dövləti mövcud olduğu dövrdə Qarabağın dağlıq hissəsi burada yaşayan İskit-Sak türklərinin adı ilə Ərsak adlanıb. Ərsak “ər” və “sak” sözlərindən əmələ gəlib, qədim türk dillərində “igid sak”, “sak əri”, “sak igidi”, “kişi sak” mənalarını ifadə edir. Erməni saxtakarları “Ərsak” terminini təhrif edərək “Artsax” kimi təqdim edirlər. Tarixçi əlavə edib ki, İskit-Sak toplumlarından çox əvvəl Azərbaycan torpaqlarında məskunlaşmış kimmerlərdən də xalqımızın bugünkü nəsillərinə Qımır, Qımırlı, Qımırbazar, Qəmərli, Gümrü kimi yaşayış məskənləri yadigar qalıb.
Müxbir - Xatirə Cəfərova