“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Mis bir tonunun qiymətinin 2027-ci ilin ikinci rübündə 22 min dolları ötəcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu proqnozla “Deutsche Bank”ın analitiki Daniel Qali çıxış edib.
O bildirib ki, alıcılar mis uğrunda tarixi bir mübarizədə tədarükü təmin etmək üçün rəqabət aparır. Buna görə də qiymət artımları gözlənilir. Analitik mövcud ehtiyatların görünməmiş minimumlara düşdüyü və mis bazarının tələb bumundan likvidlik böhranına keçdiyini deyib.
“Qiymət artımının təxminən 50 faiz olacağı proqnozlaşdırılıır. Çünki qlobal mis bazarları artıq ABŞ-nin ehtiyat yığımının hazırkı tempinə, Çinin ehtiyat yığma fəaliyyətlərinə, təmizlənmiş mis tədarükündə əhəmiyyətli pozuntulara və ya qlobal bazar balanslarında gözlənilməz inkişaflara tab gətirə bilmir”, - deyə o qeyd edib.
“Deutsche Bank” gələn ilin ikinci rübündə misin bir tonunun qiymətinin 22 min 50 dollar, 2027-ci il üzrə orta qiymətin 20 min 900 dollar, 2028-ci ildə isə 18 min 500 dollar olacağını gözləyir.
Qeyd edək ki, London Metal Birjasında misin bir tonunun qiyməti hazırda 14 min 622 dollardır.
Qlobal mis ehtiyatları yüksək olaraq qalır. Beynəlxalq bazarlarda əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır.
Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.