Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin təbii resursları və həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar sayəsində regionun ən cəlbedici investisiya məkanlarından biridir. Ölkəmizin investisiya mühitini gücləndirən əsas amillər sırasında Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, enerji və nəqliyyat imkanlarının genişliyi, iqtisadiyyatın şaxələndirilməsi siyasəti, əlverişli biznes mühiti, siyasi və makroiqtisadi sabitlik xüsusi qeyd edilir. Müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi xarici investorların investisiyaların təhlükəsizliyi ilə bağlı tərəddüdlərinə səbəb olmuşdu. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal iqtisadi mühitin yaradılması bu tərəddüdləri aradan qaldırdı. Həyata keçirilən uğurlu siyasət ölkəmizi qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 350 milyard dollara çatdırılması həmin dövrdə yaradılan möhkəm təməlin nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbir, o cümlədən biznes forumlar, Bakı Enerji Həftəsi, Prezident İlham Əliyevin himayəsi altında keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya forumları ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bu günlərdə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir də iqtisadi reallıqlarımızın təbliğində öz sözünü dedi. Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparıldı. Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsas müzakirə mövzularını təşkil etdi. Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olundu. Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, indiyədək görülən işlər gələcək inkişaf üçün ilkin şərt oldu. Çünki sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı.
Vüqar Rəhimzadə vurğulayıb ki, iqtisadiyyatın ikinci hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Avrasiya məkanında yük və enerji daşımalarını birləşdirən mühüm beynəlxalq tranzit ölkə kimi nüfuz qazanması nəqliyyat imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu layihələri iqtisadi səmərəsi ilə yanaşı, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Beləliklə, Azərbaycanın Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artıb. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin hər ikisində iştirak edən ölkələrdən biridir. Dövlətimizin başçısı bildirdi ki, fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq.
“Prezident İlham Əliyev Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı insan kapitalının formalaşdırılmasına da diqqəti yönəltdi. Dövlətimizin başçısı hələ 2003-cü ildən ölkənin gələcək inkişaf modelini insan kapitalının formalaşdırılması üzərində qurdu. “Qara qızılı insan kapitalına çevirək!” tezisi ilə təhsil, elm və innovasiyaların rolu önə çəkildi. Bu strategiyanın davamı olaraq gənclərin xarici ölkələrdə təhsil alması, yeni texnologiyaların inkişafına və tətbiqinə böyük diqqət göstərilməsi istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyev vurğulayıb ki, peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil. Hazırda fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi də bu istiqamətdə atılmış mühüm addımlardandır. Dövlətimizin başçısı 1994-cü ildə Hasilatın Pay Bölgüsü haqqında Saziş imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxunun əcnəbi olduğunu, indi isə bu göstəricinin təxminən 5 faiz təşkil etdiyini qeyd edib. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə oldu”, - deyə o vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, belə tədbirlərin üstünlüklərindən biri də iştirakçıların hər şeyi öz gözləri ilə görə bilmələridir. Reallıq budur ki, Azərbaycan bütün sahələrdə inkişafın təkmil modelini təqdim edir. Uğurlarımızın təməlində iqtisadi strategiyanın düzgün qurulması və uğurla yerinə yetirilməsi dayanır. Azərbaycan yeni əməkdaşlıq körpülərinin qurulması çağırışları ilə diqqətdə olub və bunu real addımları ilə təsdiqləyir. Azərbaycana xoş niyyətlə gələn xarici iş adamları burada yaradılan şəraitdən bəhrələnərək əməkdaşlığa böyük töhfələr vermək imkanındadırlar.