Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş növbəti tədbir təşkil edilib. Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq 2020-ci il sentyabrın 27-nin Azərbaycan xalqının yaddaşına həm çox dərin hüzn, həm də qürur mənbəyi kimi yazıldığını vurğulayıb. Prorektor qeyd edib ki, həmin gün başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin döyüş tapşırıqlarını və Azərbaycan xalqının iradəsini yerinə yetirərək tarixi ədaləti bərpa edib. Qazanılan tarixi Zəfər təkcə hərbi qələbə deyil, Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin tam bərpasına gedən yolu müəyyənləşdirən, regiondakı reallığı dəyişdirən və Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyan mühüm tarixi hadisədir.
Prorektor çıxışında Vətən müharibəsində qazanılan tarixi Zəfərin müasir Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün gənclərin qarşısında yalnız Zəfər tarixini yaşatmaq deyil, həm də öz fəaliyyəti, biliyi və əməyi ilə ölkənin inkişafına töhfə vermək vəzifəsi dayanır. Müasir Azərbaycan gənci təhsildə, ictimai həyatda və əmək fəaliyyətində özünü inkişaf etdirməli, hər sahədə ən yaxşılar sırasında olmağa çalışmalıdır.
Ardınca Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təsisçisi Ayxan Şahbazsoy, Aprel döyüşləri şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon filialının nümayəndəsi, Vətən müharibəsi iştirakçısı Nicat İsmayılov, Aprel döyüşləri iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Kamil Musəvi və Kamil Zeynallı çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən bütün şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Onların Vətən uğrunda göstərdiyi fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Azərbaycan xalqı öz şəhidlərini və qazilərini heç vaxt unutmayacaq.