Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri öncəsi Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlərlə görüş zamanı sentyabrın 29-da Köndələnçay su anbarında təşkil olunacaq tədbir barədə məlumat verilib. Qeyd olunub ki, Füzuli “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasiminə və ilk yarış gününə ev sahibliyi edəcək.
Saat 11:00-dan etibarən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları və maraqlı su şouları təşkil olunacaq. Eyni zamanda, uşaq və yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar keçiriləcək, federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Füzuli sakinləri üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılacaq.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
Sentyabrın 29-da Füzulidə açılış mərasimi və ilk yarışlar keçirildikdən sonra turnir sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.