Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
Bakı, 16 sentyabr, AZƏRTAC
Payız mövsümündə turistlərin səyahət seçimlərində müəyyən dəyişikliklər müşahidə olunur. Havaların sərinləşməsi ilə bir sıra turistlər daha çox isti iqlimə malik istiqamətlərə üstünlük verirlər. Bu dönəmdə insanlar isti qumsalı, günəşi olan ölkələri seçirlər. Bu baxımdan Yaxın Şərq, ərəb ölkələri və bəzi Asiya ölkələri turistlərin diqqətini daha çox cəlb edir. Xüsusilə isti hava şəraitinin davam etdiyi istiqamətlər payız aylarında çimərlik istirahətini davam etdirmək istəyənlər üçün əlverişli seçim olur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Cəfər Qarayev söyləyib.
O diqqətə çatdırıb ki, payız aylarında təhsil müəssisələri fəaliyyətə başlayır. “Bu amil ailəvi səfərlərin sayına da təsir göstərir. Yay mövsümü ilə müqayisədə uşaqlı ailələrin səyahət imkanları azalır və nəticədə ailəvi turizm üzrə müəyyən geriləmə müşahidə olunur. Bununla belə, həftəsonu və qısamüddətli səfərlərə maraq davam edir. Payız mövsümünün digər xüsusiyyəti isə turistlərin səyahət məqsədlərinin dəyişməsidir. Bu dövrdə təbiət turizmi, dağlıq ərazilərə, meşələrə, milli parklara və regionlara qısamüddətli səfərlər üçün əlverişli şərait yaranır. Havanın nisbətən mülayim olması həm yerli, həm də xarici turistlər üçün müxtəlif marşrutların təşkilinə imkan verir. Regionlarda təbiətin payız mənzərələri, kənd turizmi, qastronomiya, ekoturizm və həftəsonu turları turistlər üçün maraqlı məhsula çevrilir. Bu istiqamətdə yeni marşrutların hazırlanması və mövsümə uyğun turizm paketlərinin təqdim edilməsi turist axınının daha balanslı bölüşdürülməsinə kömək edə bilər.
Ümumilikdə isə payız mövsümü turizm sektorunda həm keçid dövrü, həm də yeni turizm məhsullarının formalaşdırılması baxımından əhəmiyyətli mərhələdir. Turizm obyektləri və şirkətləri bu dövrdən qış mövsümünə hazırlıq, yeni proqram və marşrutların hazırlanması, eləcə də xidmətlərin təkmilləşdirilməsi üçün istifadə edirlər”, - deyə ekspert əlavə edib.