Türk ekspert: TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq
Bakı, 16 sentyabr, AZƏRTAC
Son dövrlərdə TDT çərçivəsində transmilli və mütəşəkkil cinayətkarlıq, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiya ilə mübarizə mexanizmləri hazırlanır. 2025-ci ildə türk dövlətlərinin polis akademiyaları platformasının yaradılması və 11 sentyabr 2026-cı ildə Astanada keçirilmiş TDT daxili işlər nazirlərinin üçüncü iclasında Cinayətkarlıqla Mübarizə Şurasının yaradılması barədə razılığın əldə olunması təhlükəsizlik sahəsində əməkdaşlığın müəyyən institusional səviyyəyə çatdığını göstərir. Bu mənada, TÜRKPOL-un yaradılması təklifinə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlığın daha institusional əsaslara keçirilməsi istiqamətində səylərin davamı kimi baxmaq lazımdır.
Bu fikirləri türk ekspert Zeynəb Gizem Özpınar Türkiyənin daxili işlər naziri Mustafa Çiftçinin TÜRKPOL-un yaradılması ilə bağlı son təklifini AZƏRTAC-ın müxbirinə şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirlərinin bu təklifə müsbət münasibət bildirməsi siyasi zəminin formalaşmağa başladığını göstərir: “Beləliklə, TÜRKPOL-u uzun illər ərzində TDT çərçivəsində inkişaf edən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha inkişaf etmiş institusional struktura çevrilməsinə yönəlmiş təşəbbüs kimi nəzərdən keçirmək lazımdır”.
Zeynəb Gizem Özpınar qeyd edir ki, TÜRKPOL-un yaxın illərdə fəaliyyətə başlaması üçün bir sıra addımların atılması zəruridir. İlk növbədə, Cinayətkarlıqla Mübarizə Şurasının təsis sazişinin imzalanması, daha sonra isə məlumat mübadiləsi üzrə ümumi standartların müəyyənləşdirilməsi, axtarışda olan şəxslər və transmilli cinayətlərlə bağlı məlumat mübadiləsinin tənzimlənməsi, qurumlar arasında səlahiyyət və öhdəliklərin müəyyənləşdirilməsi, habelə birgə əməliyyat potensialının yaradılması tələb olunacaq.
“Burada iştirakçı ölkələrin hüquq sistemləri, təhlükəsizlik sistemləri və məlumat mübadiləsi sahəsində qanunvericiliyindəki fərqlər bu prosesin sürətini müəyyən edən əsas amillərdən biridir. Eyni zamanda, TDT üzvü olan ölkələrin siyasi iradəsini və hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlıq mexanizmlərini nəzərə alaraq, ilk mərhələdə daimi fəaliyyət göstərən koordinasiya və məlumat mübadiləsi strukturunun yaradılması, daha sonra isə TÜRKPOL-un Türk Dövlətlərinin Hüquq-Mühafizə Orqanları ilə Əməkdaşlıq Agentliyinə çevrilməsi real ssenari kimi irəli sürülür”, – deyə ekspert izah edib.
Zeynəb Gizem Özpınar hesab edir ki, yaxın bir neçə il ərzində TÜRKPOL-un institusional struktura çevrilməsi ehtimalı yüksəkdir. Bununla belə, onun miqyası və əməliyyat potensialı üzv dövlətlər arasında hüquqi və siyasi uzlaşmanın səviyyəsindən asılı olacaq.
Müəllif – Leyla Muradzadə