Şərqşünaslıq İnstitutunda “Quran və ya Məhəmmədin qanunu” kitabının təqdimatı olub
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinovun “Quran və ya Məhəmmədin qanunu” kitabının təqdimatı olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiya Federasiyası baş müftisinin xüsusi nümayəndəsi Səfa Kərimov da iştirak edib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva nəşri yüksək qiymətləndirib. O, Şərqşünaslıq İnstitutunda islamşünaslıq sahəsində aparılan tədqiqatlar barədə məlumat verib.
Professor Damir Muxetdinovun sözlərinə görə, təqdim edilən kitab “Quran”ın XVIII əsrin əvvəllərinə aid rusdilli əlyazma tərcüməsinin faksimile nəşridir. Tərcümə I Pyotr dövrünün ilk rus tibb və fəlsəfə doktoru, diplomat və alim Pyotr Postnikova məxsusdur. Andre dyu Ryenin fransız dilindəki variantından (ərəb dilindən tərcümə) əsas götürülən bu iş rus cəmiyyətini Müqəddəs “Quran”la tanış edən ilk mühüm addımlardan hesab olunur.
Nəşr P.Postnikovun anadan olmasının 360 illiyinə həsr edilib və "Quran Rusiyada" silsiləsi çərçivəsində işıq üzü görüb.