Rəhman Quliyev: Qarabağın tarixi-mədəni irsinin bərpası turizmin inkişafına böyük töhfə verəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Qarabağın 30 ilə yaxın işğal dövründə tarixi-mədəni irsinə vurulmuş zərər təkcə Azərbaycan üçün deyil, bütövlükdə bəşəriyyətin mədəni irsi baxımından da ciddi itkidir. İşğaldan azad edilmiş ərazilərdəki məscidlərin tamamilə dağıdılması həmin dövrdə mədəni və dini irsə qarşı törədilmiş dağıntıların miqyasını göstərən mühüm faktlardan biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərin maarifləndirilməsi və dəstəyi şöbəsinin rəhbəri, turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Onun sözlərinə görə, Qarabağda tarixi-mədəni irsə vurulmuş zərərin beynəlxalq ictimaiyyətə çatdırılması yalnız siyasi müstəvidə deyil, elmi, mədəni və turizm platformalarında da davamlı şəkildə həyata keçirilməlidir: “Qarabağın tarixi abidələri, məscidləri, türbələri, yaşayış məskənləri və digər mədəni irs nümunələri Azərbaycanın çoxəsrlik tarixinin mühüm tərkib hissəsidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri bu irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Hazırda Ağdam, Şuşa və Zəngilan kimi şəhərlərdə tarixi və dini abidələrin bərpası ilə yanaşı, turizm infrastrukturu da yaradılır. Zəngilan və Şuşadakı tarixi-dini abidələrin, eləcə də Ağdam məscidinin bərpası bu istiqamətdə həyata keçirilən işlərə nümunədir”.
R.Quliyev bildirib ki, bərpa və yenidənqurma işləri başa çatdıqca Qarabağın mədəni, tarixi, ekoloji və dini turizm imkanlarının təqdim olunması üçün yeni üfüqlər açılacaq.
Ekspertin sözlərinə görə, Qarabağ gələcəkdə yalnız ziyarət edilən deyil, həm də Azərbaycanın tarixi və mədəni irsinin öyrənildiyi mühüm turizm məkanlarından birinə çevrilə bilər.
Müxbir – Günel Alıyeva