Simiç: “Sabah”dakı uğurlarım ən gözəl xatirələrimdən biri kimi həmişəlik yaddaşımda qalacaq – MÜSAHİBƏ
Bakı, 16 sentyabr, AZƏRTAC
“Sabah”ın serbiyalı yarımmüdafiəçisi Velko Simiç AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Çempionlar Liqasındakı uğurlu çıxışınızı Azərbaycan çempionatında da davam etdirirsiniz. Komandanız keçirdiyi 4 oyunun hamısında qalib gəlib. Son turda “Şəfa” üzərində də qələbə qazandınız. İndiyədək olan oyunları necə şərh edərdiniz?
- Təsnifat mərhələsinin ilk oyunundan etibarən çox yüksək səviyyədə çıxış edirik. Bunun nəticəsində Çempionlar Liqasına vəsiqə qazandıq və Azərbaycan çempionatında keçirdiyimiz bütün oyunlarda qalib gəldik.
- Hazırda üç turnirdə mübarizə aparırsınız. Sizcə, komanda mövsümün sonunadək ən azı iki yarışda mübarizəni davam etdirmək gücündədir?
- Hər üç turnirdə mübarizə aparmaq üçün kifayət qədər keyfiyyətli futbolçularımız var.
- “Mançester Yunayted”lə keçirilən görüş haqqında fikirləriniz maraqlıdır. Ümumiyyətlə, “Hapoel”lə oyundan sonra həyatınızda nələr dəyişdi?
- “Mançester Yunayted”lə oyun bizim üçün möhtəşəm təcrübə oldu və bu, Çempionlar Liqasının qarşıdakı oyunlarında inkişaf etməyimizə kömək edəcək. Futbolçuların əksəriyyəti bu turnirdə debüt etdilər. Buna görə, bəlkə də ən yaxşı oyunumuzu göstərə bilməməyimiz normaldır. Ancaq əminəm ki, mövsüm irəlilədikcə daha yaxşı çıxış edəcəyik. Əslində, çox şey dəyişməyib. Sadəcə, indi daha yüksək səviyyədə mübarizə aparırıq və bu, çox gözəl hissdir.
- Çempionlar Liqasının əsas mərhələsində neçə qol vurmağı düşünürsünüz?
- Konkret rəqəmlərə köklənmirəm. Komandamın daha yaxşı çıxış etməsinə kömək etmək istəyirəm. Əgər bunu bir neçə qol və məhsuldar ötürmə ilə edə bilsəm, çox gözəl olar.
- Maraqlıdır, uzun illər də keçsə, bu mövsüm “Sabah”la qazandığınız tarixi uğur həyatınızın hansı yerində olacaq?
- Bu, karyeramın ən gözəl xatirələrindən biri kimi həmişəlik yaddaşımda qalacaq. Son 12 ay ərzində qazandığımız nailiyyətlər həqiqətən möhtəşəmdir və mən bu komandanın bir hissəsi olduğum üçün hər zaman qürur duyacağam. İnanıram ki, qarşıda bizi hələ çox şey gözləyir və daha da inkişaf edə bilərik.
Müxbir – Cavid Əliyev