Azərbaycanla Avropa strukturları ilə münasibətlər kifayət qədər praqmatik xarakter daşıyır RƏY
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycanın Avropa strukturları ilə münasibətləri kifayət qədər praqmatik, eyni zamanda, çox mürəkkəb xarakter daşıyır. Münasibətlərimiz qarşılıqlı anlaşma prinsipləri əsasında qurulur. Onlar Azərbaycanın Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində rolunu, xüsusilə dünya siyasətində və beynəlxalq münasibətlərdə baş verən geosiyasi təlatümlər fonunda yaxşı anlayırlar.
Bu fikirləri politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov AZƏRTAC-a şərhində deyib.
Politoloqun fikrincə, bunu Avropa İttifaqı rəhbərlərinin Bakıya səfərləri, imzalanmış sənədlər, sazişlər və əldə olunmuş razılaşmalar da təsdiqləyir. “Biz bundan sonra da bu xəttə və seçdiyimiz prioritetlərə sadiq qalacağıq və hansısa cari hadisə və proseslərə görə onları dəyişməyəcəyik. Bu strukturların daxili siyasi işlərimizə müdaxiləsi məsələsində hər zaman prinsipial mövqe nümayiş etdiririk. Yəni guya Azərbaycan həbsxanalarında saxlanılan, azərbaycanlıların Qarabağdan qovulması və məhv edilməsində əli olan, 30 il ərzində Azərbaycanın ərazisində separatçı hərəkatına rəhbərlik edən və ölkəmizin vətəndaşlarının qanına əlləri bulaşmış bütün şəxsləri azad etməliyik. Bu, çox qərəzli və subyektiv mövqedir və biz bütün bunlara qarşı hər zaman çox prinsipial münasibət göstərəcəyik”, – deyə F.Sadıxov bildirib.
Fikrət Sadıxov hesab edir ki, münasibətlərimizin gələcəyi Avropa strukturlarının, Brüsselin mövqeyindən və onların Azərbaycanda baş verənlərə obyektiv münasibətindən asılıdır. “Gələcəkdə bu Avropa institutları ilə münasibətlərimiz yalnız belə bir təməl üzərində qurula bilər. Çünki başqa variant yoxdur və ola da bilməz”, – deyə o bildirib.
Müxbir – Leyla Muradzadə