Yurdagül Aydoğan: Təhsil Türkiyə-Azərbaycan əlaqələrinin ən strateji nöqtəsidir
Bakı, 16 sentyabr, AZƏRTAC
Bu gün burada yalnız bir tədris ilinin başlanğıcını qeyd etmirik, eyni zamanda, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun və strateji tərəfdaşlığın gələcəyinə sərmayə qoyan yeni bir layihənin ilk addımını atırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik Günü münasibətilə keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan deyib.
Müşavir qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri dövlət başçılarının güclü dəstəyi ilə bu gün tarixin ən əhatəli dövrünü yaşayır. Əlaqələr siyasət və diplomatiyadan müdafiə sənayesinə, enerjidən nəqliyyata, ticarətdən mədəniyyətə qədər çox geniş sahəni əhatə edir.
Yurdagül Aydoğan bildirib ki, dövlətlərarası əlaqələrin daimi olması yalnız müqavilələrlə bağlı deyil. Əsl daimiliyi təmin edən həmin müqavilələri gələcəyə daşıyacaq insan resurslarıdır. Məhz buna görə təhsil Türkiyə-Azərbaycan əlaqələrinin ən strateji nöqtəsidir.
"Bu baxımdan Türkiyə-Azərbaycan Universitetini iki ölkə arasındakı əlaqələrin yalnız bu gününün deyil, gələcək onilliklərin ortaq layihəsi kimi görürük. Bu universitetin damı altında Türkiyənin və Azərbaycanın akademik təcrübəsinin birləşməsi son dərəcə əhəmiyyətlidir. Yaxın Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti kimi Türkiyənin köklü ali təhsil müəssisələrinin bilik və təcrübəsinin Azərbaycanın güclü akademik infrastrukturu ilə qovuşması bizə yalnız keyfiyyətli təhsil modeli deyil, eyni zamanda, ortaq bilik istehsal etmək qabiliyyəti qazandırır", - deyə təhsil müşaviri diqqətə çatdırıb.