İngiltərənin kəndində hüquqi qüvvəsi olmayan səsvermə keçirilib, sakinlər Böyük Britaniyadan ayrılmaq istədiklərini bildiriblər
London, 16 sentyabr, AZƏRTAC
İngiltərənin Oksfordşir qraflığında yerləşən Piddinqton kəndinin sakinləri yaxınlıqdakı keçmiş hərbi bazada mindən çox sığınacaq axtaran şəxsin yerləşdirilməsi planına etiraz olaraq Böyük Britaniyadan “ayrılmağa” səs veriblər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, referendum simvolik xarakter daşıyır və hüquqi qüvvəyə malik deyil.
Bister şəhərinin yaxınlığında yerləşən və təxminən 350 sakini olan kənddə keçirilən səsvermə Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin keçmiş Bister hərbi bazasında sığınacaq axtaran 1256 şəxsi yerləşdirmək planına etiraz məqsədilə təşkil olunub.
Yerli icma şurasının təşkil etdiyi referendumda ümumilikdə 312 nəfər iştirak edib. Onlardan 285-i Böyük Britaniyadan “ayrılmağın” lehinə, 26-sı əleyhinə səs verib, bir bülleten isə etibarsız sayılıb. Səsvermədə iştirak səviyyəsi təxminən 92 faiz təşkil edib.
Bu ölkənin Daxili İşlər Nazirliyi keçmiş hərbi bazadan istifadə planını iyun ayında sığınacaq axtaran şəxslərin hotellərdə yerləşdirilməsinin azaldılması istiqamətində daha geniş proqramın bir hissəsi kimi elan edib. “Site A” adlandırılan ərazi Piddinqton, Upper Arncott və Lower Arncott kəndlərinin yaxınlığında yerləşir.